Şəhər inkişafında uşaqların təhlükəsizliyi və hüquqları mövzusunda ictimai dinləmə keçirilib

Şəhər inkişafında uşaqların təhlükəsizliyi və hüquqları mövzusunda ictimai dinləmə keçirilib

2026-cı il fevralın 16-da WUF13 QHT Koalisiyasının Katibliyi və “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin təşəbbüsü ilə Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun ofisində “Şəhərsalma və uşaq hüquqları: WUF13 kontekstində kompleks yanaşma” mövzusunda dəyirmi masa keçirilib. Tədbir WUF13 prosesi fonunda şəhərsalma siyasətinə uşaq hüquqları prizmasından yanaşmanın aktuallığını ön plana çıxarıb.

Müzakirələr şəhərlərin təkcə fiziki infrastruktur deyil, eyni zamanda uşaqlar üçün təhlükəsiz, inklüziv və inkişafı dəstəkləyən sosial mühit kimi formalaşdırılmasının vacibliyi ətrafında qurulub. Bu baxımdan tədbir dövlət qurumları, vətəndaş cəmiyyəti institutları və beynəlxalq təşkilatların yanaşmalarını bir araya gətirən açıq dialoq platformasına çevrilib.

WUF13 QHT Koalisiyasının təsisçisi olan Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli bildirib ki, bu təşəbbüs Azərbaycan Şəhərsalma Kampaniyasının tərkib hissəsi olmaqla, şəhər inkişafı prosesində uşaqların maraq və ehtiyaclarının davamlı şəkildə diqqət mərkəzində saxlanılmasını hədəfləyir. Onun sözlərinə görə, insan mərkəzli şəhərsalma yanaşması gələcək nəsillərin rifahının əsas təminatlarından biridir.

“Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin sədri Kəmalə Aşumova uşaq hüquqlarının şəhərsalma prosesində yalnız nəticə mərhələsində deyil, məhz planlaşdırmadan başlayaraq balanslı və kompleks yanaşma əsasında təmin olunmasının vacibliyini vurğulayıb. O qeyd edib ki, bu yanaşma uşaqların təhlükəsiz və sağlam mühitdə böyüməsi üçün əsas şərtlərdəndir.

Beynəlxalq təcrübəyə keçid edilərkən UN-Habitat-ın Azərbaycan üzrə Ölkə Ofisinin rəhbəri Anna Soave müasir şəhərsalma modellərində mühüm transformasiyanın baş verdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, artıq “uşaqlar üçün planlaşdırma” yanaşması yerini “uşaqlarla birlikdə planlaşdırma” konsepsiyasına verir ki, bu da daha inklüziv və dayanıqlı şəhər mühitinin formalaşmasına xidmət edir.

Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin sədri Hicran Hüseynova şəhərsalma proseslərində insan amilinin əsas prioritet olduğunu bildirib. O, yeni yaşayış məntəqələrinin və şəhərlərin salınması zamanı uşaqların təhlükəsizliyi, rifahı və sosial təminatının dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi nəzərə alındığını vurğulayıb.

Milli Məclisin deputatı, Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü Azər Allahverənov uşaqların asudə vaxtının təşkili, park və ictimai məkanların əlçatanlığının artırılması məsələlərinə diqqət çəkib. O, bu sahədə yerli icra qurumları və bələdiyyələrlə əməkdaşlığın gücləndirilməsinin vacibliyini önə çıxarıb.

“Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev şəhərlərin “uşaq dostu” prinsipi əsasında planlaşdırılmasının əhəmiyyətini vurğulayıb, ictimai iştirakçılığın genişləndirilməsi və uşaq təsirinin qiymətləndirilməsi mexanizmlərinin gücləndirilməsini təklif edib.

Ekspert Anar Vəliyev isə bu cür müzakirə platformalarının dövlət qurumları ilə vətəndaş cəmiyyəti institutları arasında dialoqun möhkəmlənməsinə və davamlı əməkdaşlıq mexanizmlərinin formalaşmasına töhfə verdiyini qeyd edib.

İnklüzivlik mövzusuna toxunan Əlilliyi olan Şəxslərin Müstəqil Həyat Mərkəzinin rəhbəri Aydın Xəlilov şəhər mühitinin planlaşdırılmasında inklüzivliyin əsas prinsip kimi qəbul edilməsinin, xüsusilə əlilliyi olan uşaqlar üçün maneəsiz və təhlükəsiz infrastrukturun yaradılmasının vacibliyini diqqətə çatdırıb.

Dəyirmi masa interaktiv müzakirələrlə yekunlaşıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir