Prezident İlham Əliyevin imzaladığı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Qanuna əsasən sosial şəbəkə platformalarının fəaliyyəti ilə bağlı tələblərin pozulmasına görə cərimələr müəyyənləşib.
Sənədə əsasən, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunda qeyd edilən məlumatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməməsinə və ya təqdim edilməsi müddətinin pozulmasına, yaxud natamam və ya təhrif edilmiş məlumatın təqdim edilməsinə görə vəzifəli şəxslər altı min manatdan yeddi min manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi min manatadək məbləğdə cərimə edilir.
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərdiyi sorğuların yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformasının provayderi tərəfindən 5 (beş) iş günü ərzində cavablandırılmamasına, yaxud natamam və ya təhrif edilmiş məlumatların təqdim edilməsinə görə vəzifəli şəxslər yeddi min manatdan səkkiz min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi beş min manatdan otuz min manatadək məbləğdə cərimə ediləcək.
Yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarından təhlükəsiz istifadə ilə bağlı tələblərin pozulmasına görə vəzifəli şəxslər səkkiz min manatdan doqquz min manatadək məbləğdə, hüquqi şəxslər otuz beş min manatdan qırx min manatadək məbləğdə cərimə ediləcək.
Nəzərdə tutulmuş xətaların inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə vəzifəli şəxslər doqquz min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər qırx beş min manatdan əlli min manatadək məbləğdə cərimə ediləcək.
Dövlət başçısının sözügedən qanunun tətbiqi ilə əlaqədar imzaladığı Fərmana görə isə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarının siyahısını 5 ay müddətində təsdiq edib, Prezidentə məlumat vermək tapşırılıb.
Fərmanla müəyyən edilir ki, bəzi həssas məsələlər üzrə səlahiyyətlər Milli Kibertəhlükəsizlik Agentliyi (RİNN-in tərkibində) tərəfindən həyata keçiriləcək.
Bunlara daxildir:
• yetkinlik yaşına çatmamış şəxslərin yerləşdirdiyi məlumatların silinməsi ilə bağlı müraciətlər;
• şəxsi məlumatların qorunması;
• kibertəhlükəsizlik baxımından nəzarət tədbirləri.
Bu yanaşma uşaqların rəqəmsal hüquqlarının qorunmasına xüsusi institusional dəstək verir.
Fərmanın diqqətçəkən yeniliklərindən biri odur ki, yaşın müəyyən edilməsi üçün alternativ texniki üsulların tətbiqinə dair qərarlar RİNN və Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən birlikdə həyata keçiriləcək.
Platformalara münasibətdə tətbiq ediləcək ən ciddi iqtisadi tədbirlərdən biri olan reklam qadağası ilə bağlı qərarların qəbul edilməsi səlahiyyəti Nazirlər Kabinetinə həvalə edilir.
Fərman yalnız nəzarət və cəza mexanizmləri ilə kifayətlənmir.
Uşaqların təhlükəsiz internet istifadəsi ilə bağlı maarifləndirmə tədbirlərinin həyata keçirilməsi Media və Yayım Şurasının iştirakı ilə təşkil ediləcək.
Bu yanaşma göstərir ki, uşaqların təhlükəsiz internet istifadəsi üçün dövlət yalnız məhdudlaşdırıcı deyil, həm də maarifləndirici siyasət yürütmək niyyətindədir.
