Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin təşəbbüsü ilə Azərbaycan Milli QHT Forumunda Vətən müharibəsi şəhidi Fəxri Qəribzadənin doğum günü münasibətilə “Ananın fəxri, Vətənin fəxridir!” mövzusunda anım tədbiri keçirilib.
Tədbir Vətən uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, ardınca şəhid Fəxri Qəribzadənin həyat və döyüş yolunu əks etdirən videoçarx nümayiş olunub.
Fəxri Qəribzadə 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərib və 10 oktyabr 2020-ci ildə Tərtər–Ağdərə istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirakına görə Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Fəxri Qəribzadə ölümündən sonra “Suqovuşanın azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib.
Tədbirdə Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri Güllü Eldar Tomarlı, şəhidin anası Mehparə Qəribova, bacısı Türkanə Qəribova, şəhid ailələrinin üzvləri, qazilər və digər qonaqlar çıxış ediblər. Çıxışlarda vurğulanıb ki, Vətən üçün can verən şəhidlərimizin adı tariximizə yazılıb, qəlblərimizə həkk olunub. Onlar hər kəsin qüruru, ən çox da anaların bitməyən fəxridir.
Tədbir vətənpərvərlik mövzusunda ifalarla yekunlaşıb.



