Azərbaycanın beynəlxalq təşkilatlarda son illər qazandığı ardıcıl nailiyyətlər ölkəmizin qlobal miqyasda artan etimad və nüfuzunun real göstəricisidir. Bu uğurlar, ilk növbədə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən milli maraqlara söykənən, ardıcıl və praqmatik xarici siyasət kursunun səmərəsini əks etdirir. Beynəlxalq təşkilatların seçkili orqanlarına irəli sürülən Azərbaycan namizədlərinin son illərdə istisnasız olaraq dəstək qazanması, o cümlədən 14 namizədliyin hamısı üzrə qələbənin əldə edilməsi, Azərbaycanın çoxtərəfli diplomatiyada etibarlı tərəfdaş və nüfuzlu dövlət kimi mövqeyinin daha da möhkəmləndiyini nümayiş etdirir
Azərbaycanın BMT-nin insan hüquqları mexanizmlərində artan təmsilçiliyi ölkəmizin beynəlxalq nüfuzunun və diplomatik potensialının mühüm göstəricisidir. CEDAW, ICCPR və CRC komitələrinə keçirilən son seçkilərdə Azərbaycan namizədlərinin uğur qazanması, eyni zamanda CESCR və CMW komitələrində təmsilçiliyimizin davam etməsi nəticəsində ölkəmiz BMT-nin insan hüquqları üzrə fəaliyyət göstərən 10 müqavilə qurumlarının yarısında təmsil olunan azsaylı dövlətlər sırasına daxil olub.
Ən vacib məqam ondan ibarətdir ki, Azərbaycan nümayəndələrinin beynəlxalq təşkilatlarda rəhbər, seçkili və ekspert vəzifələrində təmsil olunması yalnız milli maraqlarımızın çoxtərəfli platformalarda daha səmərəli müdafiəsi demək deyil. Bu, eyni zamanda azərbaycanlı mütəxəssislərin qlobal qərarqəbuletmə prosesində bilavasitə iştirak etməsi, beynəlxalq siyasətin, standartların və hüquqi mexanizmlərin formalaşdırılmasına töhfə verməsi deməkdir. Müasir dünyada dövlətlərin nüfuzu təkcə iqtisadi və siyasi potensialı ilə deyil, beynəlxalq institutlarda qəbul olunan qərarlara təsir imkanları ilə də ölçülür. Azərbaycanın bu istiqamətdə mövqeyi ildən-ilə daha da güclənir.
Bu uğurların əsasında Prezident İlham Əliyevin formalaşdırdığı uğurlu xarici siyasət strategiyası dayanır. Azərbaycanın beynəlxalq təşəbbüslərə verdiyi töhfələr, çoxtərəfli əməkdaşlığa sadiqliyi, regional və qlobal məsələlərdə nümayiş etdirdiyi konstruktiv mövqe ölkəmizi beynəlxalq ictimaiyyət üçün etibarlı tərəfdaşa çevirib. Məhz bunun nəticəsidir ki, Azərbaycan bu gün beynəlxalq təşkilatlarda yalnız iştirak edən deyil, həm də qərarların qəbulunda söz sahibi olan ölkələr sırasında yer alır.
Bu müsbət dinamika vətəndaş cəmiyyəti institutlarının beynəlxalq fəaliyyətində də özünü göstərir. Son illərdə Azərbaycan QHT-ləri qlobal gündəliyin əsas platformalarında daha fəal iştirak edirlər. Xüsusilə Ümumdünya Şəhər Forumu (WUF13) prosesində, COP29 çərçivəsində keçirilən tədbirlrədə eləcə də BMT-nin Nyu-York, Cenevrə və Vyana ofislərində təşkil olunan tədbirlərdə Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin fəallığı əhəmiyyətli dərəcədə artıb. Bu proses dövlət diplomatiyası ilə ictimai diplomatiyanın qarşılıqlı şəkildə bir-birini tamamladığını göstərir. Azərbaycan QHT-lərinin beynəlxalq şəbəkələrdə fəal iştirakı, qlobal çağırışlara dair təşəbbüslərlə çıxış etməsi və beynəlxalq tərəfdaşlıqlar qurması ölkəmizin yumşaq güc potensialını gücləndirir və Azərbaycanın beynəlxalq nüfuzunun daha da möhkəmlənməsinə mühüm töhfə verir.
Ramil İskəndərli, Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri
