16 iyul 2026-cı il tarixində Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (AMQF) təşkilatçılığı ilə “Uşaqları rəqəmsal risklərdən qorumaq: yeni yanaşmalar və həllər” mövzusunda ictimai müzakirə keçirilib.
Tədbirdə dövlət qurumlarının, vətəndaş cəmiyyəti institutlarının, ekspertlərin və media nümayəndələrinin iştirakı ilə uşaqların rəqəmsal mühitdə təhlükəsizliyi, kiberzorakılıq, rəqəmsal asılılıq, hüquqi tənzimləmələr və rəqəmsal savadlılığın artırılması məsələləri müzakirə olunub.
Çıxışlarda uşaqların hüquqlarının və təhlükəsizliyinin qorunması üçün qanunvericiliyin təkmilləşdirilməsi, sosial şəbəkələrdə yaşa uyğun təhlükəsizlik mexanizmlərinin tətbiqi, valideyn nəzarətinin gücləndirilməsi və dövlət–cəmiyyət–ailə əməkdaşlığının əhəmiyyəti vurğulanıb.
Müzakirələrin sonunda rəqəmsal savadlılığın və kibergigiyena vərdişlərinin təşviqi istiqamətində birgə fəaliyyətin genişləndirilməsi ilə bağlı təkliflər irəli sürülüb.













