WUF 13-cü sessiyası çərçivəsində “Davamlı və inklüziv şəhərlərin inkişafında gənclərin və vətəndaş cəmiyyətinin liderliyi” mövzusunda tədbir keçirildi

21 may tarixində World Urban Forum 13 çərçivəsində Bakı Olimpiya Stadionunda yerləşən Urban Library məkanında Azərbaycan Milli QHT Forumu tərəfindən “Youth and Civil Society Leadership in Advancing Sustainable and Inclusive Cities” (“Davamlı və inklüziv şəhərlərin inkişafında gənclərin və vətəndaş cəmiyyətinin liderliyi”) mövzusunda tədbiri baş tutdu.

Tədbirdə müxtəlif ölkələrdən vətəndaş cəmiyyəti nümayəndələri, gənclər təşkilatlarının liderləri, şəhərsalma üzrə mütəxəssislər, beynəlxalq təşkilatların təmsilçiləri və ictimai fəallar iştirak etdilər.

Açılış nitqi ilə çıxış edən Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İsgəndərli tədbir iştirakçılarını salamlayaraq bildirdi ki, davamlı şəhərlərin qurulması yalnız infrastruktur layihələri ilə deyil, eyni zamanda ictimai iştirakçılıq, vətəndaş etimadı və gənclərin qərarvermə proseslərinə fəal cəlb olunması ilə mümkündür. O vurğuladı ki, müasir şəhər idarəçiliyində ictimai iştirak artıq tövsiyə deyil, əsas prinsiplərdən biri hesab olunur.

Tədbirdə həmçinin Azərbaycanın postmünaqişə və yenidənqurma təcrübəsi xüsusi vurğulandı. Bildirildi ki, azad edilmiş ərazilərdə həyata keçirilən bərpa prosesi yalnız binaların tikintisi ilə məhdudlaşmır, eyni zamanda sosial etimadın bərpasını, ictimai həyatın yenidən qurulmasını və inklüziv şəhər mühitinin formalaşdırılmasını əhatə edir.

Açılış sessiyasında Azərbaycan Respublikasının gənclər və idman nazirinin müavini İndira Hacıyeva və Keniyadan Kounkuey Design Initiative təşkilatının icraçı direktoru Vera Bukachi çıxış etdilər.

Tədbir çərçivəsində Liberiyanın “Liberian Youth for Climate Actions (LYCA)” təşkilatının təsisçisi və icraçı direktoru Ezekiel Nyanfor tərəfindən “Davamlı və inklüziv şəhərlərin inkişafında gənclərin və vətəndaş cəmiyyətinin liderliyi” mövzusunda araşdırmanın nəticələri təqdim olundu.

Daha sonra keçirilən panel sessiyada şəhər inkişafında gənclərin rolu, ictimai iştirakçılıq mexanizmləri, inklüziv idarəetmə və beynəlxalq əməkdaşlıq məsələləri müzakirə edildi. Paneldə müxtəlif ölkələrdən və təşkilatlardan nümayəndələr iştirak edərək öz təcrübələrini bölüşdülər.

“Panel sessiyası Gender Hub Azerbaijan təşkilatının həmtəsisçisi və icraçı direktoru Məryəm Məcidova moderatorluğu ilə keçirilib. Sessiyada Məleykə Tağızadə — BMT-nin Məskunlaşma Proqramında (UN-Habitat) təbliğat və layihələr üzrə baş məsləhətçisi, Leyla Həsənova — Qoşulmama Hərəkatı Gənclər Təşkilatının sədri və COP29 Gənclər üzrə İqlim Çempionu, Aysiman Quliyeva — “ASAN Könüllüləri” Təşkilatının sədri, Nədimə Rəhimli — “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədr müavini, Sana Ullah Rathore — Pakistan Gənclər Təşkilatının (PYO) təsisçisi və baş icraçı direktoru iştirak edərək davamlı şəhər inkişafı, ictimai iştirakçılıq, gənclərin qərarvermə prosesində rolu və beynəlxalq əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir