14 iyun 2024-cü il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin birgə təşkilatçılığı ilə SOCAR-ın “Eko park”ında bir sıra vətəndaş cəmiyyəti təmsilçiləri üçün SOCAR-ın yaşıl enerji gündəliyi barədə informasiya sessiyası və ekotur təşkil olunub.
Tədbirdə vətəndaş cəmiyyətinin üzvləri üçün SOCAR-ın yaşıl gündəliyi üzrə təqdimatlar edilib.
Tədbir iştirakçılarını salamlayan SOCAR-ın mətbuat katibi Orxan Hüseynov şirkətin müxtəlif istiqamətlər üzrə fəaliyyətindən, neft şirkətindən enerji şirkətinə transformasiya prosesindən, bu günədək SOCAR-ın yaşıl gündəlik üzrə götürdüyü öhdəliklər, həyata keçirilən tədbirlər və layihələr haqqında məlumat verib. Mətbuat katibi “Yaşıl dünya naminə həmrəylik ili” və COP29 çərçivəsində təşkil olunan və keçirilməsi planlaşdırılan tədbirlərdən danışıb. Orxan Hüseynov SOCAR-ın vətəndaş cəmiyyəti ilə sıx əlaqələr qurmasının vacibliyini vurğulayaraq, bu kimi tədbirlərin əhəmiyyətindən bəhs edib və bu xüsusda Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə tədbirin təşkilində göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva Agentliyin və vətəndaş institutlarının fəaliyyətindən bəhs edərək bu kimi sahəvi tədbirlərin təşkilinin məlumatlandırma baxımından xüsusi əhəmiyyətini vurğulayıb. Aygün Əliyeva Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən elan edilən “Yaşıl dünyana naminə həmrəylik ili” çərçivəsində Agentliyin təşəbbüsü ilə həyata keçirilən tədbirlər haqqında məlumat verib.
İcraçı direktor ətraf mühitin qorunması üzrə məsələlərin vacibliyini qeyd edərək bu sahədə QHT-lərə Agentlik tərəfindən daim dəstək göstərildiyini bildirib. Aygün Əliyeva ətraf mühitin mühafizəsi ilə bağlı məsələlərdə SOCAR tərəfindən görülən işlər və həyata keçiriləcək layihələrdə QHT-lər ilə əməkdaşlığın və mütəmadi olaraq müzakirələrin aparılmasının səmərəli olacağını diqqətə çatdırıb.
SOCAR-ın Ətraf mühit ilə bağlı məlumatların açıqlanması və əlaqələrin idarə edilməsi departamentinin rəisi Mustafa Qurbanlı görüşdə “SOCAR-ın dekarbonizasiya strategiyası və gələcək perspektivlər” mövzusunda təqdimatla çıxış edərək COP28-də SOCAR-ın elan etdiyi orta və uzunmüddətli perspektivdə dekarbonizasiya hədəfləri haqqında ətraflı bəhs edib. SOCAR-ın dekarbonizasiya proqramının emissiya göstəricilərinin tədqiqi, qiymətləndirilməsi və emissiyaların azaldılması ilə hədəflərin ətraflı araşdırılmasına əsaslandığını bildirən Mustafa Qurbanlı 2050-ci ildə bütün əməliyyatlarda “Xalis sıfır”a nail olmanın şirkətin əsas hədəflərindən olduğunu diqqətə çatdırıb.
Mustafa Qurbanlı alternativ və bərpa olunan enerji mənbələrindən istifadə edilməsi üzrə dövlət siyasətinə dəstək olaraq bərpa olunan enerji mənbələrinin genişləndirilməsi strategiyasının icrası ilə əlaqədar SOCAR tərəfindən həyata keçirilən layihələrdən bəhs edib.
“Ekol Mühəndislik Xidmətləri” Qapalı Səhmdar Cəmiyyətinin baş direktoru Rəşad Mustafayev tullantıların idarə olunması, neftlə çirklənmiş ərazilərin, o cümlədən Bakı buxtasının təmizlənməsi və abadlaşdırılması istiqamətində SOCAR tərəfindən görülən işlər barədə ətraflı məlumat verib. Rekultivasiya işlərinin planlı şəkildə həyata keçirildiyini vurğulayan baş direktor təmizlənən ərazilərin ətraf mühitə təsirinə xüsusi diqqətlə yanaşıldığını bildirib. Rəşad Mustafayev ətraf mühitinin mühafizəsi və ekoloji aksiyaların əhəmiyyətindən bəhs edərək şirkət tərəfindən davamlı əsasda iməcilik, abadlaşdırma və ağacəkmə aksiyalarının keçirildiyini qeyd edib.
“Neftqaztikinti” trestinin müdiri Qağaməli Seyfullayev ətraf mühitin qorunması, çirklənmiş ərazilərin təmizlənməsi üzrə SOCAR tərəfindən görülən işlər haqqında məlumat verib. Bakı buxtası və sahil zonasında xüsusi texnologiya və avadanlıqlar vasitəsilə batmış və yarımbatmış vəziyyətdə olan iri qabaritli tullantıların müəyyənləşdirilməsi, çıxarılması, daşınması və utilizasiyası üzrə görülən işlərdən bəhs edib. Trestin müdiri həyata keçirilən layihənin ətraf mühitin qorunması baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb
Sual-cavab sessiyasında çıxışçılar tədbir iştirakçılarının suallarını cavablandırıblar.