Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunda Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi və Ailələrə Sosial Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə şəhid Zaur İsmayılzadənin 30 illik yubileyi münasibətilə anım tədbiri keçirilib.
Şuşa uğrunda döyüşlərdə göstərdiyi igidliyə görə ölümündən sonra “Şuşanın azad olunmasına görə” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilən Zaur İsmayılzadənin anım tədbiri şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Mirvarid Dilbazi Poeziya Məclisi İB-nin sədri Güllü Eldar Tomarlı şəhid Zaur İsmayılzadənin şərəfli ömür yolundan bəhs edib. Ailələrə Sosial Dəstək İB-nin sədri, Əməkdar müəllim Esmira Rəhimova isə şəhidlərin fədakarlığının xalqımıza qələbə və zəfər gətirdiyini vurğulayıb.
Şəhidin anası Sevil Hüseynova oğlunun qəhrəmanlığı ilə qürur duyduğunu bildirib, xatirələrini bölüşüb. Şəhidin bacısı Xavər Nizamiqızı qardaşı Zaur İsmayılzadənin şərəfli döyüş yolu barədə danışıb.
Tədbirdə çıxış edənlər Zaur İsmayılzadə də daxil olmaqla, Vətən uğrunda canından keçənlərin ölümü deyil, ölməzliyi seçdiyini vurğulayıblar.
Tədbirdə millət vəkilləri, dövlət qurumlarının nümayəndələri, Ağsaqqallar Şurasının təmsilçiləri, qazilər, yazıçılar və publisistlər çıxış ediblər, şəhid Zaur İsmayılzadəyə həsr olunmuş “Buğra tələsi” kitabı haqqında fikirlər səsləndirilib.
Tədbir vətənpərvərlik ruhunda mahnı və şeirlərlə yekunlaşıb.





