Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunda (AMQF) 2025-ci il avqustun 2-də “Rəqəmsal Sağlamlıq – Yalnız “Like” etmə, hərəkət et!” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə sosial media və mobil texnologiyaların gündəlik həyata təsirini dəyərləndirilib, uşaqlarda və gənclərdə telefon asılılığının qarşısının alınması yollarını müzakirə edilib.
AMQF-nin İdarə Heyətinin sədri Ramil İsgəndərli bildirib ki, problem qlobal miqyaslıdır, vəziyyətdən çıxış yolları cəmiyyətləri dərindən düşündürür. O,
bu istiqamətdə QHT-ləri diskussiyaları genişləndirməyə səsləyib.
“Psixoloji İnkişaf və Maarifləndirməyə Dəstək” İctimai Birliyinin sədri, psixoloq Kamil Həmidov qeyd edib ki, rəqəmsal həyatın gətirdiyi imkanlarla yanaşı, ciddi fəsadlar da müşahidə olunur: “Uşaqların mobil cihazlara aludəçiliyi, gənclərdə özünəgüvən problemi artmaqdadır. Biz bu tədbirlə maarifləndirməklə yanaşı, həm də konkret davranış modelləri təklif edirik”.
Tədbirdə interaktiv təqdimatlar, qrup məşğələləri və praktik treninq elementləri vasitəsilə iştirakçılar “digital wellbeing and detox” (“rəqəmsal rifah və detoks”), faydalı mobil tətbiqlər və psixoloji özünənəzarət mövzularında bilik və bacarıqlar əldə ediblər. “Bəyənməzdən əvvəl: düşün, seç, sorğula” mesajı tədbirin əsas ideyası kimi təqdim olunub.
Müzakirələrdə “Hüquqi-Sosial Yardım və Maarifləndirmə”, “Ümidli Gələcək”, “Hemofiliyalı Xəstələr”, “İnnovativ Proqress və Ekologiya” və “Sosial-İqtisadi İnkişafa Dəstək” İctimai Birliklərinin ekspertləri mövzu ilə əlaqədar ideya və təşəbbüslərini irəli sürüblər. Psixoloq Rəhimə İbrahimova rəqəmsal maarifləndirmə ilə bağlı tədbirlərin spesifik qruplara yönəldilməsinin vacibliyini vurğulayıb.
Tədbirin sonunda iştirakçılara psixoloji tövsiyələr, ailədaxili rəqəmsal davranış nümunələri təqdim olunub. Həmçinin, tədbirdə iştirak edən uşaqlar da yaşlarına uyğun rəqəmsal davranış qaydaları və ekran vaxtının tənzimlənməsi ilə bağlı məlumatlandırılıblar.
Qeyd edək ki, AMQF gənclərin rəqəmsal təhlükəsizlik və sağlamlıq sahəsində daha şüurlu və məsuliyyətli fərdlər kimi yetişməsində faydalı olacaq ictimai maarifləndirmə sessiyalarını davam etdirəcək. Qurumun sosial media səhifələri vasitəsilə həmin tədbirlər barədə elanlarla tanış olmaq mümkündür.







