Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının (bundan sonra – Komissiya) işçi qrupuna cəlb olunmuş qeyri-hökumət təşkilatlarının (bundan sonra – QHT) nümayəndələri və müstəqil ekspertlərlə Korrupsiyaya qarşı mübarizə üzrə dövlət proqramının monitorinqi üzrə onlayn formatda ilk iclas keçirilmişdir.
İclasın əsas məqsədi “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üzrə Milli Fəaliyyət Planı”nın (bundan sonra – MFP) icra vəziyyətinin qiymətləndirilməsi, bu istiqamətdə hazırlanmış metodoloji çərçivənin təqdimatı və QHT-lərin iştirakı ilə real təkliflərin dinlənilməsi olmuşdur.
İclası Komissiyanın katibi Təbriz Musayev açaraq bildirib ki, dövlət proqramlarının effektiv monitorinqi üçün tətbiq olunan indikatorlara əsaslanan qiymətləndirmə modeli hazırlanmışdır və ilkin mərhələdə yalnız hasilat (output) indikatorlarına fokuslanaraq praktiki təsirlərin dəyərləndirilməsi nəzərdə tutulur. T.Musayev metodologiyanın beş mərhələsi – qatqı (input), fəaliyyət (activity), hasilat (output), nəticə (outcome) və təsir (impact) meyarları üzrə indikatorları izah etmiş, iştirakçıları hər tədbir üzrə mümkün təklifləri bölüşməyə və müzakirələrdə aktiv iştiraka dəvət etmişdir.
“Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası” İctimai Birliyinin sədri və Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru Sahib Məmmədov çıxış edərək, mövcud qiymətləndirmə çərçivəsini ümumilikdə mütərəqqi hesab etsə də, aşağıdakı əlavə təkliflərlə çıxış etmişdir:
- MFP çərçivəsində həyata keçirilən tədbirlərlə bağlı sorğuların keçirilməsi üçün vahid metodologiyanın hazırlanması;
- Qiymətləndirmədə yalnız kəmiyyət yox, keyfiyyət ölçmələrinin də nəzərə alınması, bu baxımdan ictimai rəy sorğularına əlavə olaraq fokus qruplar və dərinləşdirilmiş müsahibələrdən istifadə;
- Tədqiqat və sorğuların yalnız ixtisaslaşmış qurumlar tərəfindən aparılması, dövlət qurumlarının bu prosesi sifarişçi kimi təşkil etməsi;
- Onlayn və e-mail vasitəsilə aparılan sorğuların yalnız blitz sorğular üçün istifadə olunması və bu nəticələrin reprezentativ hesab edilməməsi;
- Dövlət Nəzarəti İnformasiya Sisteminin (DNİS) təkmilləşdirilməsinin vacibliyi;
- Hər tədbirin əsas icraçısının müəyyən edilməsi ilə yanaşı, əlavə icraçılar dairəsinin ixtisar olunması və yalnız aidiyyəti orqanlarla məhdudlaşdırılması;
- Dövlət proqramlarının layihələrinin ilkin mərhələdə aidiyyəti icraçı qurumlarla razılaşdırılması və vətəndaş cəmiyyəti nümayəndələrinin bu mərhələyə cəlb edilməsi.
“Qadın, İnkişaf, Gələcək” İctimai Birliyinin sədri Gülşən Axundova Bakı və digər şəhərlərdə qeydiyyatsız yaşayan əhalinin hüquqi statusunun qeyri-müəyyən olduğunu, bu səbəbdən vətəndaşların sosial, tibbi və bələdiyyə xidmətlərindən məhdud şəkildə istifadə edə bildiklərini qeyd etmişdir. Təklif etdiyi modellər arasında Almaniya təcrübəsinə əsaslanan müvəqqəti qeydiyyat sistemi, vahid elektron platformanın yaradılması (“myResidence.az”), qeydiyyatın olmamasına görə inzibati məsuliyyət mexanizmləri, nominal xidmət haqlarının tətbiqi və qeydiyyat prosesində yerli icra orqanlarının iştirakının gücləndirilməsi qeyd olunmuşdur.
Əlavə olaraq, sənədsiz evlərin leqallaşdırılması ilə bağlı dörd mərhələdən ibarət yanaşma – ilkin qeydiyyat, hüquqi statusun qiymətləndirilməsi, müvəqqəti hüquqi sənədlərlə xidmətlərə çıxış və yekun leqallaşdırma mərhələləri təklif olunmuşdur.
“Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri Ramil İskəndərli korrupsiya hüquqpozmaları barədə məlumat verən şəxslərin stimullaşdırılması ilə bağlı meyarların artırılmasını təklif etmişdir. O qeyd etmişdir ki, bu şəxslərin konfidensiallıq hüququnun təmin olunması üçün təhlükəsiz məlumat ötürmə kanallarının yaradılması, həmçinin bu mədəniyyətin təşviqinə dair normativ mexanizmlərin müəyyənləşdirilməsi nəticələrin effektivliyini artıracaqdır. Onun fikrincə, bu məsələlər üzrə nəticələrin qiymətləndirilməsində ilkin versiya kimi yazılmış 5 bal kifayət etməyəcək. Bu, daha yüksək balla ölçülməlidir ki, orqanlar (qurumlar) da həmin tədbir üzrə hasilat meyarının qeyd olunan indikatorundan yüksək bal almaqdan ötrü əməli tədbirlər hayata keçirməyə çalışsınlar.
Müstəqil ekspert Bayram Baxşalıyev isə MFP-nin 1.3-cü tədbiri üzrə maliyyə xarakterli məlumatların elektron təqdimatında doğrulama (verifikasiya) sisteminin tətbiqinin vacibliyini bildirmiş, 6.4-cü tədbir üzrə isə dövlət qulluqçularının etik və antikorrupsiya təlimlərinə cəlb edilməsinin yalnız kəmiyyət yox, keyfiyyət indikatorları ilə dəyərləndirilməsini vacib hesab etmişdir. Onun fikrincə, bu təlimlərə cəlb olunanların əvvəl və sonra qiymətləndirilməsi aparılmalı, həmçinin iştirakçılara yönəlik fərdi inkişafın ölçülməsi mümkün olmalıdır. O və T.Musyev bu istiqamətdə həmçinin onlayn tədris və resurs platformasının – məsələn, Avropa Şurasının HELP platforması modelində – yaradılmasının faydalı ola biləcəyini bildirmişlər.
“Konstitusiya” Araşdırmalar Fondu” İctimai Birliyinin sədri Əliməmməd Nuriyev qeyd etdi ki, dövlət qulluqçuları mövcud zəruri qanunları və etik davranış qaydalarını işə qəbul zamanı yaxşı bilsələr də, konkret hallarda hansı addımların atılması, onların tətbiqi ilə bağlı təlimat və ya bələdçinin hazırlanması əhəmiyyətli olardı. O əlavə etmişdir ki, bu sahədə sistemli və tətbiq yönümlü yanaşma beynəlxalq qiymətləndirmə hesabatlarında Azərbaycanın mövqeyinin möhkəmlənməsinə töhfə verə bilər. O, xüsusilə OECD metodologiyasının bu sahədə istifadəsinin faydalı olacağını qeyd etmişdir.
“Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi” İctimai Birliyinin sədri Zaur İbrahimov isə çıxışında MFP-də nəzərdə tutulan 2.12 və 2.14-cü tədbirlər üzrə yeni hasilat meyarlarının əlavə edilməsini təklif etmiş və bu təklif iştirakçılar tərəfindən dəstəklənərək qəbul edilmişdir. Belə ki, 2.12-ci tədbirin hasilat meyarı üzrə: 1-ci indikator – orqanın (qurumun) rəhbərindən başqa dövlət satınalması fəaliyyətinə idarədaxili nəzarəti həyata keçirən subyektin mövcudluğu və hər bir satınalma əməliyyatı üzrə zəruri sənədlərin həmin idarədaxili quruma göndərilməsi, bu qurum tərəfindən satınalmanın auditinin həyata keçirilməsi (10 bal), 6-cı indikator – dövlət satınalması prosesində vətəndaş cəmiyyəti institutlarının iştirakının təmin edilməsi, ictimai dinləmələrin keçirilməsi və cəmiyyətin maraqlarının nəzərə alınması (10 bal), 7-ci meyar – dövlət satınalmaları üzrə illik ictimai hesabatların dərc edilməsi (10 bal) müəyyən edilmişdir. 2.14-cü tədbir üzrə isə 5-ci indikator kimi – onlayn sistemdə əks olunan məlumatların konfidensiallıq tələbləri nəzərə alınmaqla dövlət satınalmasını həyata keçirən orqan (qurum) tərəfindən mütəmadi cəmiyyətə açıqlanması (10 bal) əlavə olunmuşdur.
Eyni zamanda, digər QHT nümayəndələri və müstəqil ekspertlər tərəfindən də MFP-dəki müxtəlif tədbirlər üzrə hasilat meyarları və onların indikatorları ilə bağlı bir sıra vacib texniki və məzmun təklifləri irəli sürülmüşdür. Təkliflərdə şəffaflıq, hesabatlılıq, ictimai iştirakçılıq, açıq məlumat platformalarının mövcudluğu, təlimlərin keyfiyyəti, idarədaxili nəzarət, etik davranış və korrupsiyanın qarşısının alınması üzrə preventiv mexanizmlərlə bağlı meyarların təkmilləşdirilməsi məsələləri xüsusilə vurğulanmışdır. Təkliflər sırasında vətəndaş müraciətlərinin icra vəziyyətinə dair indikatorlar, sosial xidmətlərə çıxış imkanları, ictimai rəyin nəzərə alınması və hüquqi maarifləndirmə tədbirlərinin nəticəliliyi ilə bağlı göstəricilərin də əlavə olunması təklif edilmişdir.
İclasın sonunda Təbriz Musayev bir daha vurğuladı ki, vətəndaş cəmiyyətinin və müstəqil ekspertlərin bu prosesə fəal şəkildə cəlb olunması MFP-nin monitorinq və qiymətləndirmə mexanizmlərinin təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. O, təqdim olunmuş bütün şifahi və yazılı təkliflərin diqqətlə təhlil ediləcəyini, qəbul edilmiş meyarlar çərçivəsində onların nəzərə alınacağını və bu prosesin şəffaflıq, inklüzivlik və nəticəyönümlü yanaşma əsasında davam etdiriləcəyini bildirdi. O, gələcəkdə növbəti MFP hazırlanarkən – yeni tədbirlərin formalaşdırılması zamanı – bu gün səsləndirilmiş təkliflərin də mühüm istinad mənbəyinə çevriləcəyini qeyd etmişdir. Bu baxımdan, T.Musayev vurğulamışdır ki, iştirakçılar və digər maraqlı tərəflər tərəfindən gələcəkdə də nəzərə alınmalı hesab olunan təklif və təşəbbüslərin yazılı formada Komissiyanın Katibliyinə təqdim edilməsi məqsədəuyğun olardı. Sonda, Təbriz Musayev bütün iştirakçılara səmərəli əməkdaşlığa və göstərdikləri fəallığa görə təşəkkür edərək iclası yekunlaşdırmışdır.