Quba şəhərində Soyqırımı Memorial Kompleksi və Azərbaycan Milli QHT Forumunun birgə təşkilatçılığı ilə 1918-ci il azərbaycanlılara qarşı soyqırımın 107-ci ildönümü ilə əlaqədar olaraq tədbir keçirilib.
Azərbaycanın suverenliyi uğrunda canlarını fəda etmiş qəhrəman oğul və qızlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla anıldıqdan sonra azərbaycanlılara qarşı törədilmiş soyqırımları özündə əks etdirən video nümayiş olunub.
Çıxış edən Kompleksin direktor müavini Mehriban Əliyeva XX əsrin əvvəllərində tarixi azərbaycan torpaqlarında erməni daşnakları tərəfindən baş vermiş soyqırımı, etnik təmizləmə siyasəti haqqında məlumat verərək bildirmişdir ki, soyqırımı təkcə bir millətə qarşı olan cinayət deyil, bəşəri bir cinayətdir.
Daha sonra çıxış edən Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İsgəndərli bu kimi tədbirlərin əhəmiyyətli olduğunu vurğulayaraq qeyd etdi ki, 1918-ci ilin həmin mart günlərində xalqımız misli görünməmiş vəhşiliklə üzləşdi. Günahsız insanlar – qadınlar, uşaqlar, qocalar amansızlıqla qətlə yetirildi, kəndlər yandırıldı, minlərlə günahsız azərbaycanlı öz torpağında qəddarlıqla soyqırıma məruz qalıb. Azərbaycan xalqı təkcə 1918-ci ilin mart soyqırımı ilə deyil, tarix boyu müxtəlif dövrlərdə ağır faciələr, kütləvi qırğınlar və etnik təmizləmələr ilə üzləşmişdir.
Daha sonra çıxış edənlər mövzu ətrafında fikirlərini qeyd ediblər.
İştirakçılar Komplekslə ətraflı tanış olduqdan sonra, 1918-ci il azərbaycanlılara qarşı törədilmiş soyqırımlarla əlaqədar olaraq Soyqırımı Memorial Kompleksinin muzey hissəsində əməkdar rəssam Adil Şıxəliyevin əsərlərindən ibarət “Mələklərin fəryadı” adlı nümayiş olunan qobelen sərgisi ilə tanış olublar.
Qeyd edək ki, tədbirdə Milli QHT Forumunun nümayəndələri, şəhid ailələri və Kompleks əməkdaşları iştirak ediblər.
























