Avqustun 29-da “Bakı Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi” İctimai Birliyi Şəmkir rayonu Heydər Əliyev Mərkəzində “Regionlarda ictimai iştirakçılığın təmin olunması və ictimai nəzarətin gücləndirilməsi” layihəsi üzrə ictimai müzakirə keçirib. Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.
Layihənin rəhbəri, Birliyin sədri Rauf Zeyni tədbiri açıq elan edərək, qonaqları salamlayıb, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə öz minnətdarlığını bildirib və layihənin əsas məqsəd və vəzifələri, əhəmiyyəti barədə məlumat verib: “Layihənin əsas məqsədi vətəndaşların dövlətin idarə olunmasında iştiraka cəlb edilməsi, mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi, mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları ilə ictimaiyyət arasında səmərəli qarşılıqlı fəaliyyətin təşkili, mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının fəaliyyətində aşkarlığın və şəffaflığın təmin olunması, dövlət siyasətinin formalaşması, həyata keçirilməsi və qərarların qəbulu zamanı ictimai rəyin və vətəndaşların qanuni maraqlarının nəzərə alınması, əsas insan və vətəndaş hüquqlarının müdafiəsindən ibarətdir”.
Tədbirdə Şəkir rayon Ağsaqqallar Şurasının sədri və Şəmkir Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvü Bilal Məmmədov, Şəmkir rayon DİİXİ Həmkarlar İttifaqının sədri və Şəmkir Rayon İcra Hakimiyyəti yanında İctimai Şiranın üzvü Hilal Məmmədov, QMƏVŞAİB Şəmkir rayon şöbəsinin sədri və Şəmkir Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvü Müsahib Zeynalov, AVMVB Şəmkir rayon şöbəsinin sədri və Şəmkir Rayon İcra Hakiyyəti yanında İctimai Şuranın üzvü Tahir Vəliyev və Şəmkir Regional QHT Resurs və Təlim Mərkəzinin sədri Fuad Bədəlov öz fikirlərini bölüşüblər, regiondakı iştirakçılıq haqqında məlumat veriblər. Tədbirdə dövlət qurumlarının, mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının nümayəndələri, həmçinin KİV və mətbuat nümayəndələri iştirak edib.
Sonda tədbirdə ictimai iştirakçılıq haqqında təqdimat nümayiş etdirilib, sual və cavab olub, həmçinin regionlarda ictimai iştirakçılığın gücləndirilməsi üçün təkliflər dinlənilib, xatirə şəklləri çəkdirilib.