MQF “Vətəndaş cəmiyyətinin inkişafı məqsədilə QHT-media əlaqələrinin gücləndirilməsi” adlı tədbir keçirib

Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu (MQF) Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “QHT-lərə institusional inkişaf sahəsində xidmətlərin göstərilməsi” layihəsi çərçivəsində 29 noyabr 2017-ci il tarixində Beynəlxalq Avrasiya Mətbuat Fondunda “Vətəndaş cəmiyyətinin inkişafı məqsədilə QHT-media əlaqələrinin gücləndirilməsi” tədbiri keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan MQF –nin prezindenti Rauf Zeyni layihə barədə geniş məlumat verdi və qeyd etdi: “Azərbaycan Bakı –Tiflis –Ceyhandan Bakı-Tiflis-Qarsa qədər bir çox böyük layihələrə imza ataraq ölkənin inkişafını təmin edir. Bu gün biz də MQF olaraq bu layihəni həyata keçirərək vətəndaş cəmiyyətinə öz töhfəmizi veririk”. Bundan sonra Rauf Zeyni media və qht əlaqələrinə toxunaraq qeyd etdi ki, hazırda Ədliyyə Nazirliyində qeydiyyatdan 4000 qht keçib. Lakin bunlardan 1000-ə qədəri media ilə birgə fəaliyyət göstərir, digərləri isə media ilə əlaqələrdə aktiv deyildir.
Daha sonra Vüqar Rəhimzadə “İki sahil” qəzetinin baş redaktoru çıxış etmişdir. V.Rəhimzadə bildirmişdir ki, MQF-nin təşəbbüsü və Dövlət Dəstəyi Şurasının dəstəyi ilə keçirilən layihə tədbiri vətəndaş cəmiyyətinin mühüm tədbirlərindən biridir. Bu gün QHT-lərlə yanaşı mətbuat orqanlarının sayı da artmaqdadır.Statistikaya əsasən təkcə bir il ərzində 300-dən çox internet televizayası qeydiyyatdan keçib. Cəmi isə ümumi mətbuat orqanlarının sayı 6000-dir. Məqsədimiz dövləti, dövlətçiliyimizi, cəmiyyətimizi qorumaqdan ibarətdir.
BAMF-ın sədri Umud Mirzəyev tədbir iştirakçılarını salamlayaraq bu cür layihələrin həyata keçirilməsinin vacibliyini, eyni zamanda QHT və media əlaqələrinin daim möhkəmlənməsini vurğulamış və MQF-yə mediaya göstərdiyi diqqətinə görə təşəkkürünü bildirdi.U. Mirzəyev bildirdi ki, QHT-lə media arasında münasibətin daha da inkişaf etməsi üçün müəyyən bir sistemləşmə olmalıdır: “Dövlətin QHT-lərə münasibətində bir sistemlilik yarandı. QHT-lərə Dövlət Dəstəyi Şurası müxtəlif istiqamətlər üzrə QHT-lərin layihələrini maliyyələşdirir. O cümlədən Azərbaycanda fəaliyyət göstərən böyük şirkətləri QHT-lərin layihələrinə qrant ayrılması prosesinə də cəlb etməyə başlayıb və bu da təqdirəlayiq haldır. Əminəm ki, bundan sonra da QHT-lərlə media arasında sıx əməkdaşlıq davam edəcək. Cəmiyyətdə mövcud olan problemlərin QHT-lər və media vasitəsilə həlli, eyni
zamanda QHT-lərin özlərinin problemlərinin aradan qaldırılması yönündə daha böyük işlər görüləcək”.
Daha sonra söz tədbir iştirakçılarına verildi. CASCFEN-nin sədri Azər Həsrət hər iki sahənin QHT və Medianın nümayəndəsi olaraq bir çox məsələlərə toxunmaq istədiyini bildirdi: “Media daim QHT-lərin üzünə açıqdır. Ümumilikdə qeyd edilən QHT sayına görə mediada aktiv olan QHT-lərin sayı azdır. Məsələnin bu yöndə olması ona görədir ki, QHT-lərin çoxu press relizlər yazmaqda, tədbirlər həyata keçirməkdə təcrübəsizdirlər. Buna görə də media üçün maraqlı gəlmir. Bu halların qarşısının alınması üçün QHT-lərlə media arasında sıx görüşlər təşkil edərək, press reliz yazılması qaydalarını, tədbirlərin təşkil olunmasını onlara öyrətməyə ehtiyac vardır”. A. Həsrət qeyd etdi ki, Dövlət Dəstəyi Şurasının QHT-lərə ayırdığı pul vəsaitindən səmərəli istifadə olunaraq vətəndaş cəmiyyəti üçün əhəmiyyətli tədbirlər keçirilməlidir. Eyni zamanda həyata keçirilən təbdirlərin xarici ölkələr tərəfindən məlumatlandırılması üçün ingiliscə paylaşılmasına, xəbərlərin video şəklində yayımlanmasına ehtiyac daha çoxdur. Bununla yanaşı vurğuladı ki, nazirliklərlə birgə görüşlər, seminarlar həyata keçirərək onları QHT-lərlə daha da yaxınlaşdırmaq lazımdır.
Daha sonra iştirakçılardan ATXƏM nümayəndəsi İlqar İlkin, İİALD nümayəndəsi Şahin Qurbanov, Azad Jurnalistlər Şəbəkəsinin sədri Ayaz Mirzəyev təcrübələrini iştirakçılarla bölüşərək, QHT media əlaəqlərində qarşılaşılan problemləri müzakirə etdilər.
Sonda bildirildi ki, QHT-ni mətbuatsız, mətbuatı da QHT-siz təsəvvür etmək mümkün deyil. Real vəziyyətlə bağlı konsepsiya tərtib olunaraq monitorinq komissiyası yaradılması təklifi irəli sürüldü.
Qeyd edək ki, tədbir bu il üzrə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “QHT-lərə institusional inkişaf sahəsində xidmətlərin göstərilməsi” layihəsinin sonuncu tədbiridir.
MQF mətbuat xidməti
Paylaşın: