28 Dekabr 2019-cu ildə Bakı şəhərində İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyi (SER) yanında İslam İqtisadiyyatı Resurs və Araşdırma Mərkəzinin (İQRAM), Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), AR Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin (ATM), UNEC- İslam Maliyyə Tədqiqat Mərkəzinin və Azərbaycan Milli QHT Forumunun birgə tərəfdaşlığı ilə “İslam Maliyyəsi: Bankçılıq və Sığorta” mövzusunda seminar keçirilmişdir.
Tədbir, İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin sədri, i.f.d. Ruslan Atakişiyevin, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadənin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) KOB İnkişaf fondlarının tәşkili vә koordinasiyası departamentinin direktoru Kamran Babayevin, Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyninin və UNEC- İslam Maliyyə Tədqiqat Mərkəzinin direktor müavini Əfqan Musayevin açılış və salamlama nitqləri ilə başladı. Açılış zamanı İslam maliyyəsi sahəsində görülən işlərdən bəhs edildi.
Sonra isə iqtisad üzrə fəlsəfə doktoru Ruslan Atakişiyevin “İslam maliyyəsində müdarəbə” mövzusunda çıxışı ilə seminara başlanıldı. Ardından 2-ci ekspertAR Maliyyə Nazirliyi “Maliyyə xidmətləri üzrə siyasət və büdcə proqnozu” sektoru, şöbə müdirinin müavini Gündüz Əliyev gələn qonaqları müştərək sığorta prinsipləri əsasında Takaful sistemi ilə bağlı geniş şəkildə məlumatlandırdı. İslam Maliyyə İnstitutlarının Mühasibatlıq və Auditor Təşkilatının (AAOİFİ) Şəriət məsələləri üzrə auditoru və məsləhətçisi Anar Yusufzadənin çıxışı Tədbir davam etmişdir. Anar müəllim, İslam Mühasibatlıq və Audit (AAOİFİ) Standartları mövzusu ilə iştirakçıları məlumatlandırdı.
Ekspertlərin çıxışından sonra seminarın qiymətləndirilməsi məqsədi ilə iştirakçılar arasında yazılı sorğu keçirilmiş və ardından sual cavab bölməsi olmuşdur. İştirakçıların xeyli marağına səbəb olan bu bölmədə verilən suallar təlimçilər tərəfindən cavablandırıldı.
Tədbirdə bank və sığorta işçiləri, tələbələr, iş adamları və QHT nümayəndələri olmaqla ümumilikdə 60-ə yaxın şəxs iştirak etmişdir.
Tədbirin sonunda İslam iqtisadiyyatı, maliyyə, bankçılıq və sığorta sahəsinə aid kitab sərgisi də keçirildi.
Tədbir iştirakçılarla xatirə şəkli çəkilməklə başa çatdı.