“İctimai nəzarət gücləndirilməlidir”

Rauf Zeyni: “Dövlət sevgisi, övlad sevgisindən üstün olmasa, biz heç nəyə nail ola bilmərik”

“Bizim zəngin tarixi dövlətçilik ənənələrimiz var. Və dövlətimizin qurulması, inkişafında xidmət göstərən böyük tarixi şəxsiyyətlərimiz var.  Bu gün müasir Azərbaycanın 30 illik təcrübəsi və eyni zamanda öyrəndiyimiz beynəlxalq təcrübələrimiz var. Lakin biz beynəlxalq müstəvidə bir tərəfdən çox yüksək səviyyədə təqdim olunuruq, digər tərəfdən də 3-5 məmurun qrup maraqlarına görə haqqımızda rüsvayçı məlumatlar yayılır. Biz buna yol verməməliyik. Bu təzadlar aradan qaldırılmalı və nəhayət, dövlət sektorlarında, qurumlarında normal “ASAN düşüncə” yaradılmalıdır. Bizim də şüarımız budur: Kamil Vətəndaş, Sivil Cəmiyyət, Güclü Dövlət. Eyni zamanda da dövlət sevgisi, övlad sevgisindən yuxarıda olmalıdır. Əgər dövlət sevgisi, övlad sevgisindən üstün olmasa, heç nəyə nail ola bilmərik. Təəssüf ki, bir çox məmurlar övlad sevgisini daha üstün tutur və dövlət sevgisini övlad sevgisinə qurban verir”.  Bunu  Milli QHT Forumunun prezidenti Rauf Zeyni deyib.  O, bir çox nazirliklərdə  yaradılmış ictimai şuralara münasibət bildirib. Rauf Zeyni bildirib ki, o şuraların böyük əksəriyyətində bizim QHT-lər təmsil olunurlar.  “Mərkəzi icra hakimiyyətlərində yalnız 11 ictimai şura yaradılıb. Əlavə yerli icra hakimiyyətlərində 3-4 belə şuraların yaradılması halları var. Ancaq bunlar çox cüzidir. 10 milyonluq əhalisi olan böyük bir ölkənin nazirliklərinin fəaliyyəti çox genişdir. Bütün onların fəaliyyətini dediyiniz ictimai səviyyədə nəzarətdə saxlamaq, təkcə şuranın öhdəsindən gələcəyi məsələ deyil. Digər tərəfdən, o şuralar hamısı könüllülük əsasında fəaliyyət göstərir. Onlara ictimai nəzarəti həyata keçirmək üçün vəsait, maliyyə dəstəyi almırlar. Bu da siz dediyiniz səviyyədə effekt verə bilməz. Amma bu institutun yaranması, ictimai iştirakçılığın təmin olunması, şəffaflığın artırılması üçün daha böyük işlər görməliyik. Vətəndaşların bu prosesdə aktiv iştirak eləməsi üçün təlimlər keçilməli, vətəndaşları hazırlamalıyıq ki, qorxmasınlar, çəkinməsinlər. Dünya təcrübəsinə baxın: bir qonşu başqa bir qonşunun kəmərsiz maşına oturduğunu görən kimi dərhal xəbər verir. Bununla da cəmiyyət ictimai nəzarəti öz əlinə götürür. Düzdür, indi sosial şəbəkələr vasitəsi ilə bizim də vətəndaşlarımız aktivləşib. İstənilən vaxt bir marketə daxil olub orada vaxtı ötmüş malın satıldığını, yaxud da Ermənistandan daxil olmuş bir siqaretin satılmasını ictimailəşdirirlər.  Sosial şəbəkələr vətəndaşları fəallaşdırıb. Əgər məmur vətəndaşı qəbul eləmirsə, onu dinləmirsə, artıq bezir və növbəti müraciətini ölkə Prezidentinə, 1-ci vitse-prezident Mehriban xanıma edir. Bunu çəkir və Yutuba yerləşdirir.  Bax bunların hamısı ölkə Prezidentinin vətəndaşlara etdiyi çağırışlarının nəticəsidir. Prezident dəfələrlə vətəndaşlara müraciət edib ki, ictimai nəzarəti gücləndirsinlər.  İnsanlar, vətəndaşlar ölkə Prezidentinə inanır və yerlərdə məmurlar onların ərizə və şikayətlərinə baxmayanda birbaşa ölkə prezidentinə müraciət edirlər. Bütün bunlar onu göstərir ki, vətəndaş cəmiyyətləri dövlətlə xalqın arasında həmişə bir körpü olub. Biz bütün dövrlərdə çalışmışıq, o cümlədən pandemiya dövründə də geniş fəaliyyətimiz oldu. Bununla bərabər biz dəfələrlə demişik ki, vətəndaş cəmiyyətləri cəmiyyətə böyük töhfələr verə bilər. Əgər dövlət-hökumət münasibətləri yeni müstəviyə qaldırılarsa, dövlət sifarişləri səviyyəsində bizə etimad göstərilərsə, biz daha böyük layihələri yerinə yetirmək imkanına malikik.  Biz QHT – dövlət əməkdaşlığını yeni müstəviyə qaldırmalıyıq. O cümlədən Azərbaycanın haqq səsini dünya ictimaiyyətinə çatdırmaqdan ötrü  böyük potensialımız var.

Şuraların daha sözükeçən olması üçün nələr edilməlidir və bu missiya necə yerinə yetirilməlidir? Tutaq ki, hər hansı nazirlikdən asılı olan ictimai şuralar nə edə bilər? Sualına cavab olaraq Rauf Zeyni bildirdi ki, təmsil olunduğu ictimai şuralarda kifayət qədər aktual məsələləri nazirliyin qarşısında qaldırırlar. Şura üzvləri dövlət proqramlarının, qanunların müzakirəsi, vətəndaşın problemi ilə əlaqədar sorğunun, məktubun aidiyyəti quruma göndərilməsində iştirak edir. Artıq bizdə elektron hökumət  var və rəqəmsal hökumətə keçirik. Məktubu  elektron qaydada göndərirsən və həmin saat cavab verilir.  Yəni sistem var, sadəcə biz daha da fəallaşmalıyıq.

Sadəcə olaraq ictimai şuralar həmin qurumlarda vətəndaş cəmiyyətlərini daha çox təmsil eləməlidirlər. Amma bu da o anlama gəlməməlidir ki, ictimai şuralar varsa, o nazirliyə daxil olan bütün məsələləri həll eləməlidir. Elə deyil. Biz ictimai şuraların gücləndirilməsi, bütün qurumlarda yaradılması və geniş fəaliyyət göstərməsində maraqlı olmalıyıq. Şuralar, təkcə mərkəzi icra hakimiyyətlərində yox, yerli icra hakimiyyətlərində də geniş səviyyədə işləməlidir. Pandemiya ilə bağlı olaraq bu işlər axsa da, biz gələcək fəaliyyətimizdə daha aktiv olmalı, işlərimizi genişləndirməliyik, çünki qarşıda duran vəzifələrimiz çoxdur.

Ötən il Forum olaraq “Vətəndaş cəmiyyətinin mövcud vəsiyyəti və qarşıda duran vəzifələr” bir sıra müzakirələr keçirdik. Bu ildə pandemiya ilə bağlı  QHT-lərə Dövlət Dəstəyi Şurasının, Milli QHT Forumunun idarə heyətinin təşəbbüsü ilə Koronovirusla Mübarizə qərargahı yarandı.  Şurada ictimai qərargah yarandı, ictimai liderlər bir araya gəldi və bu gün də öz müzakirələrini aparırlar. Müxtəlif təklif və konsepsiyalar hazırlanıb ki, dövlətə təqdim olunacaq. Vətəndaşlar könüllü olaraq cəmiyyətin inkişafı məsələsində öz bilik və bacarıqlarını sərf edirlər.  Düşünürəm ki, biz yenidən dəyərləndirmə aparmalıyıq.  Bu il Gələcəyə Baxış İnkişaf Konsepsiyasının 1-ci mərhələsi tamam olur. Dövlət, xalq olaraq dəyərləndirməliyik görək onun hansı hissələrini yerinə yetirmişik, nədə çətinliklər qalır. Qarşıda  duran vəzifələri müəyyən edib, konsepsiyaya əlavə edərək icrasına nail olmalıyıq.

Rauf Zeyni  bələdiyyələr barədə də danışıb O deyib: “Bələdiyyələrlə əlaqədar qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı dəfələrlə təkliflərimiz olub və hesab edirəm ki, bu quruma müəyyən səlahiyyətlər verilib. Yəni bələdiyyələrin qanunla nəzərdə tutulan kifayət qədər funksiyaları var. Bələdiyyələr qanun çərçivəsində öz səlahiyyətlərini tam icra edə bilərlər.

Lakin uğurlu bir işin ortaya qoyulması üçün bələdiyyələrin özlərindən də çox şey asılıdır. Onlar heç kimdən çəkinməməli, öz səlahiyyətləri, qanunları çərçivəsində öz ərazilərinə sahib çıxmalı, həmin ərazilərin idarə olunmasını təkmilləşdirməlidirlər. Düşünürəm ki, bu da çox vacib məsələdir. Çünki bir çox ölkələrdə bələdiyyələr yerli idarəetməni yüksək səviyyədə təmin edirlər. Həmin təcrübələri öyrənmək lazımdır.

Sadəcə olaraq bir çox bələdiyyələr icra hakimiyyətlərinin qorxusundan qəti addımlar ata bilməyiblər. Biz bunu bilirik, məlum problemdir.  Bu sindromu da aradan qaldırmaq lazımdır ki, bələdiyyələr də öz funksiyalarını yerinə yetirə bilsinlər”.

“Özünü müxalifət adlandıran bəzi radikal qüvvələr …”

Rauf Zeyni  müxalifətin fəaliyyətinə də toxunub. “ Ədalət Vəliyev Prezident Administrasiyasının  Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri  təyin olunandan sonra bu istiqamətdə xeyli irəliləyiş var. Bilirik ki, neçə illər sonra bir çox partiyalar qeydiyyata alındı. 50-dən çox siyasi partiya rəhbərliyi ilə görüşlər keçirildi. Ölkədə konsensus, dialoq mühitinin yaradılması ilə bağlı çox mühüm addımlar atılır. O cümlədən bəzi QHT- lərlə də görüşlər keçirilməyə başlanıb. Bu hal cəmiyyətdə bütövlükdə milli  birliyin, dialoq mühitinin yaradılmasında mühüm addımdır.

Eləcə də bəzi partiyalar tərəfindən demokratiyaya yumşaq keçid strategiyası hazırlanıb hökumətə təqdim olunur. Çünki əgər biz milli dövlətçiliyin inkişafından danışırıqsa deməli milli birliyimizi unutmamalıyıq. Bütün sağlam ictimaİ-siyasi, iqtisadi-mədəni qüvvələr əməkdaşlıq etməlidir. Biz əməkdaşlıq çərçivəsində cəmiyyətimizi, dövlətimizi irəli apara bilərik. Bütün bunlarla yanaşı, təəssüflə qeyd etməliyəm ki, özünü müxalifət adlandıran bəzi radikal qüvvələr ölkə Prezidentinin apardığı islahatlarda iştirak etmirlər.  Təəssüflər olsun ki, onlar milli maraqlara yox, onlara göstəriş verənlərin maraqlarına xidmət edirlər. Ölkəsinin gələcəyini düşünənlər bu cür hərəkət etməməlidir. Sağlam müxalifət, ictimai-siyasi təşkilatlar öz aralarındakı əməkdaşlığı daha da gücləndirməli, islahatlar dəstək olmalıdırlar. Yalnız bu halda ölkəmizi bütün neqativ hallardan xilas edə bilərik”.

Paylaşın: