Hulusi Akar: “Azərbaycanlı qardaşlarımızın haqlı davalarında sonunadək yanlarında olacağıq”

“Şanlı ordumuz yeddi iqlim, üç qitəyə sülh, əmin-amanlıq və ədalət aparan əcdadlarımızdan aldığı feyz ilə dost, qardaş, məzlum və məğdur ölkələrin əmin-amanlığı və təhlükəsizliyi üçün də mübarizə aparır; BMT, NATO, ATƏT və ikitərəfli razılaşmalar çərçivəsində Azərbaycanda, Liviyada, Kosovoda, Əfqanıstanda, Bosniya və Herseqovinada, Qətərdə, Somalidə, Sudanda və bir çox yerdə sülhə töhfə vermək üçün böyük səylə çalışır”.

Bu, Türkiyə milli müdafiə naziri Hulusi Akarın Sarıqamış Şəhidlərini Anma Günü ilə əlaqədar açıqlamasında bildirilib.

“Sarıqamış Hərəkatının 106-cı ildönümündə vətən, millət və bayraq uğrunda canından keçərək şəhidlik zirvəsinə yüksələn qəhrəmanlarımızı hörmət və ehtiramla yad edirik.

Milli və mənəvi dəyərlər uğrunda şəhid və qazi olmağı ən yüksək mərtəbə sayan millətimiz şəhidlərimizin və qazilərimizin qəhramanlıq və fədakarlıqlarını əbədi olaraq vəfa duyğuları ilə xatırlayacaq, əziz xatirələrini sonsuzadək yaşadacaq.

Köklü və nəcabətli millətimizin bağrından çıxan və peyğəmbər ocağı olaraq da bilinən şanlı ordumuzun ən böyük ilham mənbəyi də şəhidlərimizin və qazilərimizin qəhrəmanlıq və fədakarlıqlarıdır.

Türkiyə Silahlı Qüvvələri torpağı vətən edən əcdadlarımızdan aldığı ilhamla və millətimizin sevgisi, inamı və duasından aldığı güc ilə vətənimizin, mavi vətənimizin (Türkiyənin akvatoriyası nəzərdə tutulur – “Report”), səmalarımızın və 83 milyon vətəndaşımızın təhlükəsizliyini təmin etmək üçün başda FETÖ, PKK/YPG və İŞİD kimi terror təşkilatları olmaqla hər cür təhdid və təhlükəyə qarşı “Ölərsəm şəhid, qalarsam qazi!” anlayışı ilə əzm və qətiyyətlə mübarizə aparır.

Sarıqamış şəhidlərini yad etdiyimiz bu anlamlı gündə “bir millət, iki dövlət” ifadəsinin xüsusi örnəyini sərgiləyən qardaş Azərbaycan xalqının Nargin adasında (indiki Böyük Zirə adası – “Report”) zorla saxlanılan mehmetçiklərimizə etdiyi yardımları da minnət və şükranla anırıq.

Biz də can qardaşlarımızın haqlı davalarında sonunadək bütün imkanlarımızla yanlarındayıq, azərbaycanlı qardaşlarımız ilə kədərdə və sevincdə bir və bərabərik.

Bu duyğu və düşüncələrlə Qazi Mustafa Kamal Atatürk və silahdaşlarını, Sarıqamış şəhidləri başda olmaqla bütün əziz şəhidlərimizi, əbədiyyətə qovuşan qəhrəman qazilərimizi bir daha hörmət və ehtiramla yad edir, qəhrəman qazilərimizə, şəhid və qazilərimizin dəyərli ailələrinə sayğı və təşəkkürümü bildirirəm”, – H.Akar vurğulayıb.

Qeyd edək ki, Sarıqamış hərəkatı Rusiya İmperiyası ilə Osmanlı İmperiyası arasında Birinci Dünya müharibəsi dövründə, 1914-cü il dekabr ayından 1915-ci il yanvarınadək Sarıqamış bölgəsində baş vermiş döyüşdür. Döyüş Osmanlı dövlətinin böyük hərbi səhvi sonucunda Rusiya çarlığının qələbəsi, türklərin on minlərlə əsgərini itirməsi ilə nəticələnib.

Paylaşın: