“Ermənistan heç bir beynəlxalq öhdəliklərə riayət etmir. Bura həm 1949-cu ildə Cenevrə Konvensiyası, həm də digər beynəlxalq konvensiyalar aiddir”. Bu sözləri SİA-ya açıqlamasında Milli QHT Forumunun Prezidenti Rauf Zeyni deyib.
Onun sözlərinə görə, o cümlədən ekoloji mühitin qorunub saxlanılması ilə bağlı dəfələrlə Azərbaycan QHT-ləri beynəlxalq ictimaiyyətə öz müraciətlərini bildiriblər: “İndi də Ermənistan Naxçıvan Muxtar Respublikasının həmsərhəd ərazisi olan Arazdəyən kəndində istehsal gücü 180 min ton olan yeni metallurgiya zavodunun tikilməsini planlaşdırır. Tikintiyə 70 milyon dollar ABŞ şirkəti sərmayə yatıracaq. Bu da zəhərli kimyəvi tullantıların bölgədəki ekosistemə böyük zərbə vura biləcəyindən xəbər verir”.
Rauf Zeyni sözlərinə belə davam edib: “Ona görə də Azərbaycan ekoloji QHT-ləri, yəni 25 təşkilat bu məlumatı araşdıraraq çox haqlı bəyanatlar veriblər. Çünki o zavod tikildiyi halda Arazdəyəndən gələn ekoloji zəhərli kimyəvi tullantılar ekologiyanı pozaraq zərər vuracaq. Bu da suvarma suyu kimi çayın suyundan istifadə olunan yerlərdə hər hansı bir bitkilərin tərkibini zəhərli maddələrlə qarışdıracaq. Nəticədə əhalinin sağlamlığına zərbə vurulur.
Beynəlxalq konvensiyalara və Ermənistanın qoşulduğu Espo konvensiyasının tələbləri kobud şəkildə pozulur. Bu da o deməkdir ki, Ermənistan digər beynəlxalq konvensiyalarla yanaşı, Espo konvensiyasının müddəalarına da heç bir əhəmiyyət vermir. Ona görə də biz QHT-lər dünya ictimaiyyətinə çox haqlı çağırışlar edirik. Buna əhəmiyyət verən olmasa da, yenə də çağırış edirik ki, ekoloji terrora son qoyulsun”.