Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Zəfər Günü və Vətən müharibəsinin qalibiyyətlə başa çatmasının ildönümü münasibətilə növbədənkənar iclası keçirilib.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Zəfər Günü və Vətən müharibəsinin qalibiyyətlə başa çatmasının ildönümü münasibətilə növbədənkənar iclası keçirilib.

Agentlikdən QHT.az -a verilən məlumata görə, Agentliyin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyevin sədrliyi ilə keçirilən iclasda Müşahidə Şurasının üzvləri, qeyri-hökumət təşkilatları və media nümayəndələri iştirak ediblər.

İclası giriş sözü ilə açan Vüsal Quliyev 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın qətiyyəti, xalqımızın sıx birliyi, əsgər və zabitlərimizin qəhrəmanlığı sayəsində əldə olunan qələbənin xalqımıza mənəvi üstünlük gətirdiyi, tarixi inkişafımızda və yüksəlişimizdə yeni mərhələnin uğurlu başlanğıcının əsasını qoyduğunu bildirib. Eyni zamanda, Müzəffər Ali Baş Komandanın diplomatik cəbhədə və informasiya müharibəsində əzmkar fəaliyyəti, güclü və uzaqgörən dövlət xadiminin qətiyyətinin təcəssümü xüsusi olaraq qeyd olunub.

Çıxış edən Müşahidə Şurası üzvləri və QHT təmsilçiləri işğaldan azad olunan torpaqlarımıza Böyük qayıdış və həmin ərazilərdə həyata keçiriləcək dirçəliş fəaliyyətlərinə tam dəstək olduqlarını və beynəlxalq tribunalarda ölkəmizin haqq işinin müdafiəsi və təbliği istiqamətində əllərindən gələni əsirgəməyəcəklərini bildiriblər.

Sonda Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvləri və QHT təmsilçiləri adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlanıb.

Təbrikdə qeyd olunur ki, 44 günlük Vətən müharibəsi Azərbaycanın şanlı Zəfər tarixidir:

“Bu qələbə Ali Baş Komandan kimi qətiyyətiniz, Azərbaycan xalqının sıx birliyi, əsgər və zabitlərimizin qəhrəmanlığı və fədakarlığı nəticəsində mümkün oldu. 30 ilə yaxın düşmən işğalında qalan torpaqlarımız işğaldan azad edildi, ərazi bütövlüyümüz bərpa olundu. Azərbaycanın tarixi qələbəsi işğalçı Ermənistanın yaratdığı mifləri dağıtdı, xalqımıza mənəvi üstünlük gətirdi, tarixi inkişafımızda, yüksəlişimizdə yeni mərhələnin uğurlu başlanğıcının əsasını qoydu.

Sizin diplomatik cəbhədə və informasiya müharibəsində əzmkar fəaliyyətiniz mahir diplomatiyanın parlaq nümunəsi, güclü və təcrübəli, uzaqgörən dövlət xadiminin qətiyyətinin təcəssümü idi. Xalqımızı səfərbər edərək böyük qələbəyə aparan Müzəffər Ali Baş Komandan kimi Sizinlə, torpaqlarımızın işğaldan azad olunmasında canından keçən qəhrəman əsgər və zabitlərimiz, şanlı Ordumuzla qürur duyuruq”.

Qeyd olunub ki, Ermənistan işğalından azad olunan ərazilərimizin qısa zaman kəsiyində minalardan təmizlənməsi işlərinin aparılması, öz yurdlarından köçkün düşmüş soydaşlarımızın azad olunmuş torpaqlarımıza Böyük qayıdışı, Qarabağ və Şərqi Zəngəzurun dirçəlişi naminə aparılan quruculuq işləri, şəhid ailələrinə və qazilərimizə göstərilən yüksək qayğı xalqımız, o cümlədən vətəndaş cəmiyyəti təmsilçiləri tərəfindən yüksək qiymətləndirilir, dəstəklənir.

“Azərbaycanın regionda inkişaf və sülh naminə çağrışları və əməli fəaliyyəti beynəlxalq ictimaiyyət tərəfindən təqdir olunur, qələbəmizin nəticələrini və ölkəmizin nüfuzunu gücləndirir. Azərbaycan regionda sülhün, əmin-amanlığın təminatı üçün bütün imkanlardan istifadə edir, bu istiqamətdə atılan addımlar bölgədə dayanıqlı sülhə və inkişafa zəmin yaradır.

Azərbaycanda fəaliyyət göstərən Qeyri-Hökumət Təşkilatlarının mütləq əksəriyyəti Sizin rəhbərliyiniz altında işğaldan azad olunan torpaqlarımıza Böyük qayıdış və həmin ərazilərdə həyata keçiriləcək dirçəliş fəaliyyətlərinə tam dəstəyini ifadə edir, yerli və beynəlxalq tribunalarda ölkəmizin haqq işinin müdafiəsi və təbliği işində əlindən gələni əsirgəməyəcəyini əminliklə bildirir”, – deyə məktubda qeyd olunur.

Paylaşın: