İyulun 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü və təşkilatçılığı, Gənclər Fondu, Azərbaycan Milli QHT Forumu, Azərbaycan Könüllü Təşkilatları İttifaqının dəstəyi ilə Komitənin tabeliyindəki Azərbaycan İlahiyyat İnstitutunda qanvermə aksiyası keçirilib.
Aksiyada Dövlət Komitəsinin sədri Ramin Məmmədov, Milli Məclisin deputatları Əziz Ələkbərli, Ceyhun Məmmədov, Gənclər Fondunun icraçı direktor vəzifəsini icra edən Qədir Xəlilov, “ASAN Radio”nun direktoru Emin Musavi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Yusif Vəliyev, “Türk Hava Yolları” şirkətinin Bakı nümayəndəliyinin rəhbəri Hamid Eldeleklioğlu, “Qan Donorları Assosiasiyası” İctimai Birliyinin, habelə Azərbaycan Milli QHT Forumuna daxil olan 30-dan çox qeyri hökumət təşkilatının üzvləri, idmançılar, 100-dək könüllü və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Aksiya iştirakçıları ölkəmizdə Məhərrəm ayında kütləvi olaraq təşkil edilən könüllü qanvermə ənənəsinin əhəmiyyətini vurğulayıblar. Aşura günündə zorakılıq etmək, özünə xəsarət yetirmək əvəzinə qanvermənin daha mütərəqqi bir seçim olduğunu bildirərək, Kərbəla şəhidlərinin xatirəsinə qan verilməsi təşəbbüsünün cəmiyyətdə təqdir edildiyini qeyd ediblər. Bu nəcib ənənənin Məhərrəmlik mərasimlərinin İslam dininin mahiyyətinə uyğun olaraq xurafat elementlərindən kənar, xalqımızın yüksək mədəniyyətinə uyğun keçirilməsində böyük rola malik olduğunu diqqətə çatdırıblar.
Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Qan Bankının xüsusi tibb briqadasının həkim hematoloqları tərəfindən aparılan qanvermə prosesində toplanan qan hemofiliya və talassemiya, həmçinin digər xəstəlikdən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq.
Xatırladaq ki, bu gün qanvermə aksiyaları Naxçıvan Muxtar Respublikası daxil olmaqla Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsinin müəyyən etdiyi 35 (ali təhsil müəssisələri, xəstəxana, məscid və ziyarətgahlar) ünvanda keçirilir. (Mənbə: https://scara.gov.az/)