24-25 iyun 2024-cü il tarixlərində Zəngilan rayonundakı Konqres Mərkəzində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Azərbaycan Milli QHT Forumunun birgə təşkilatçılığı ilə “Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu” keçirilmişdir.
Forumda baş verənləri xronolji ardıcıllıqla nəzərinizə çatdırırıq.
Forumun ilk günü
Açılış
Forumda ilk öncə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla ehtiramla yad olunub. Daha sonra Dövlət Himni səsləndirilib. Zəngilanda quruculuq və abadlıq işlərinə dair videoçarx nümayiş olunub.
Rəsmi açılış mərasimində çıxış edən QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva forumun “Yaşıl Dünya Naminə Həmrəylik İli” çərçivəsində təşkil olunduğunu diqqətə çatdırıb, toplantıda 200-ə yaxın ictimai birliyin iştirak etdiyini qeyd edib.
Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev Şərqi Zəngəzurda aparılan bərpa və quruculuq işləri barədə geniş təqdimatla çıxış edib, ilk dəfə azad edilmiş ərazilərdə QHT-lərin forumunun Zəngilanda keçirilməsini yüksək qiymətləndirib.
Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev bidirib ki, “son dövrlər QHT-lər sahəsində ciddi dönüş, kəmiyyətdən keyfiyyətə əsaslı keçid baş verib. Bu, Prezident İlham Əliyevin rəhbərliyi ilə QHT sektorunda dərinləşdirilən islahatların, yaradılan sağlam mühitin məntiqi nəticəsidir. QHT sektorunda təşəbbüskarlıq, ictimai nəzarət, hesabatlılıq, şəffaflıq, ixtisaslaşma xeyli dərəcədə yüksəlib. Bu gün cəmiyyət və dövlət həyatında elə bir prioritet sahə yoxdur ki, orada QHT-lər fəal olmasınlar”. T.Əliyev qeyd edib ki, “Prezident İlham Əliyevin müstəmləkəçiliyin yeni təzahürlərinə qarşı dünyaya ünvanlanmış mesajları böyük əks-səda yaradıb, bu gün Afrika və digər regionlarda Fransa zülmünə qarşı etiraz aksiyalarında Azərbaycan bayraqlarının qaldırılması bu xüsusda ölkəmizə olan rəğbət və hörməti aydın ifadə edir.
Azərbaycan QHT-ləri də bu prosesdə fəal iştirak etməyə çalışır. Cəmi bir neçə ay öncə yaranmış “Bakı Təşəbbüs Qrupu” İctimai Birliyi müstəmləkəçiliyin yeni təzahürlərinə qarşı elan etdiyi qlobal mübarizə ilə dünyada nüfuzlu QHT-yə çevrilib”. Sektor müdiri onu da qeyd edib ki, “Azərbaycan COP29 ölkəsi kimi iqlim dəyişmələri səbəbindən su altında qalmaq təhlükəsi ilə üzləşmiş kiçik ada dövlətlərinə qlobal dəstəyin təmin olunması üçün fəal iş aparır. Həm bu proses, həm də Qoşulmama Hərəkatına sədrlik dövründə Azərbaycanın “vaksin millətçiliyi”nə qarşı BMT səviyyəsində mübarizəsi İEOÖ-də Azərbaycana böyük maraq, məhəbbət yaradıb. Azərbaycan QHT-ləri bu prosesdə də yüksək təşəbbüskarlıq göstərir. Bu yaxınlarda Azərbaycan Milli QHT Forumu 14 ölkədən olan QHT-lərlə COP29-la əlaqədar birgə bəyanat yayıb. Müşahidələrimiz göstərir ki, son bir neçə ay ərzində COP29-la əlaqədar ümumilikdə, 71 ölkədən 367 QHT və ictimai fəal müxtəlif birgə bəyanatlar verərək Azərbaycanın qlobal iqlim dəyişmələri ilə mübarizəsinə güclü dəstək ifadə edib. Bu, həm də Azərbaycan QHT-lərinin dünyaya açılmasının nəticəsidir. Bu 71 ölkədən 62-sinin İEOÖ-lər olması da diqqət çəkir”. Prezident Administrasiyasının nümayəndəsi onu da deyib ki, maliyyə şəffaflığı və intizamı ən vacib məqamlardan biridir: “Fürsətdən istifadə edərək, xarici donorlarla işləyən Azərbaycan QHT-lərini bir daha bu xüsusda əməkdaşlıqlarını yalnız Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin müvafiq bildirişi əsasında qurmağa çağırırıq. Bu sahədə xidməti müqavilələr dövrü geridə qalmaqdadır. Qanunsuz hesablaşmalar isə ciddi hüquqi məsuliyyət yaradır. Sirr deyil ki, qrantların “qaranlıq dövriyyəsi” bir sıra hallarda məhz xarici donorlar üçün Azərbaycanın daxilinə sızma cəhdləridir. QHT-ləri bu məsələlərdə son dərəcədə diqqətli olmağa dəvət edirik.
QHT seqmentinə xaricdən qeyri-qanuni yollarla,”qrant” adı altında müdaxilə cəhdləri yolverilməzdir, bu cəhdləri edənlər bundan sonra da Azərbaycan dövlətinin qəti addımları ilə qarşılaşacaqlar”. T.Əliyev onu da qeyd edib ki, “oxşar ad və üsullarla bir çox ölkələrdə, o cümlədən regionumuzda sabitliyin necə pozulduğu, “xarici dirijor çubuqları” ilə hansı təlatümlərin yaşandığı göz önündədir. Bir sıra xarici dairələr hər fürsətdə qəsdən kosmopolit, yad, zərərli ideoloji fikirlər yaymaqla, Azərbaycanda güclü olan ənənəvi milli-mənəvi dəyərləri, ailə dəyərlərini, yüksək vətənpərvərlik hisslərini, dini və etnik mühitdəki nümunəvi harmoniyanı zədələməyə çalışırlar.
Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilməsinə vəsilə olan, Tarixi Zəfərimizin əsasını təşkil edən ideoloji, mənəvi dəyərlərə qarşı bu qəsdin, hücumun qarşısının alınmasında Azərbaycan QHT-ləri ön sıralarda yer alır”.
Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli QHT-lərin imkanlarından səmərəli istifadə olunması üçün ətraflı təhlil işləri aparıldığını bildirib.
Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev, Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov QHT sektorunda uğurla transformasiya prosesinin getdiyini bildiriblər.
İlk panel müzakirə
Forumun ilk günündə Zəngilanda “Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu” çərçivəsində “Azərbaycan QHT-ləri: nəticələr və hədəflər” adlı panel müzakirələri keçirilib.
“Bakı Resurs Mərkəzi” İctimai Birliyinin sədri Rauf Zeyninin moderatorluğu ilə keçirilən panel diskussiyalarında Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü Zaur İbrahimli, Qərbi Azərbaycan İcmasının sədr müavini, millət vəkili Hikmət Babaoğlu,
“Bakı Təşəbbüs Qrupu” İctimai Birliyinin sədri Abbas Abbasov, “Erməni Təcavüzünün Tanıdılması” İctimai Birliyinin sədri Səriyyə Cəfərova təqdimatlarla çıxış ediblər.
Hərbi hissəyə səfər
İyunun 24-də “Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu” çərçivəsində 200 nəfərə yaxın QHT rəhbərinin Silahlı Qüvvələr Günü münasibətilə Qubadlıda Dövlət Sərhəd Xidmətinin “N” saylı hərbi hissəsinə səfəri təşkil olunub.
Hərbi hissədə vətəndaş cəmiyyəti təmsilçilərinə silahlar və hərbi texnika nümayiş etdirilib.
Sərhədçilərin müşayiəti ilə poliqon ərazisində bir sıra hərbi texnikada gəzintiyə şərait yaradılıb. Bu gəzintidə Zəngilan uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan kapitan, sərhəd qoşunlarının mənsubu, “Qarabağ” ordeni ilə təltif edilmiş Aşur Cəmiyevin oğlu İsmayıl Cəmiyev və Qubadlı uğrunda şəhid olmuş ədliyyə kapitanı Ruhin Xəlilovun qızı Melisa Xəlilova da iştirak ediblər.
Daha sonra Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov, şəhid anası, “Vətən Naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Tünzalə Abduləlimova, Azəri Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı hərbiçilər qarşısında çıxış edib, onları Silahlı Qüvvələr Günü münasibətilə ürəkdən təbrik edib, şərəfli fəaliyyətlərində uğurlar arzulayıblar.
Daha sonra QHT-lərə Dövlət Dəstəyi Agentliyi və Azərbaycan Milli QHT Forumu əsgərlərə şirniyyatlardan ibarət bayram hədiyyələri təqdim edib.
Tədbir Dövlət Sərhəd Xidmətinin musiqi qrupunun ifasında bayram konserti ilə davam edib.
Forumun ikinci günü
Zəngilanda Konqres Mərkəzində “Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu”nun ikinci günü çərçivəsində “Ermənistanın dağ-mədən sənayesinin ekoloji fəsadları” mövzusunda panel müzakirələri təşkil olunmuşdur.
“Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin sədri Ayaz Mirzəyevin moderatorluğu ilə keçirilən müzakirələrdə ETSN yanında İctimai Şuranın sədri, EPF Koalisiyasının həmtəsisçisi Amin Məmmədov, Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun prezidenti Sabit Bağırov, “Azərbaycan Kartoqrafları” İctimai Birliyinin sədri Müqabil Bayramov, Naxçıvan Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının sədri Əziz Qasımov ətraflı təqdimatlarla çıxış edib. Panel çərçivəsində auditoriyanın sualları cavablandırılıb.
Sonuncu panel müzakirəsi
Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun sonuncu paneli “COP29 və Yaşıl Dünya Naminə Həmrəylik Hərəkatı” olub.
Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü Azər Allahverənovun moderatorluğu ilə keçirilən müzakirələrdə COP29 TK-nin üzvü, “Smart Nation” platformasının təsisçisi Şəbnəm Məmmədova, COP29 TK-nin üzvü, “EkoSfera” Sosial Ekoloji Mərkəzin sədri Firuzə Sultanzadə, COP29 TK-nın üzvü, “Qadın, İnkişaf, Gələcək” İctimai Birliyinin sədri Gülşən Axundova, iqlim dəyişmələri üzrə müstəqil ekspert İsa Əliyev təqdimatlarla çıxış edib, sualları cavablandırıblar.
Prezident İlham Əliyevə müraciət
Forumun ikinci günündə işitirakçılar tərəfindən Prezident İlham Əliyevə “Yaşıl Dünya Naminə Azərbaycan QHT-lərinin Həmrəylik Müraciəti” ünvanlanıb.
Müraciət mətnində deyilir:
“Biz – “Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu”nun iştirakçıları olan ictimai birliklərin rəhbərləri Sizin Yaşıl Dünya Naminə ardıcıl və məqsədyönlü fəaliyyətinizi yüksək qiymətləndirir və təqdir edirik.
Yürütdüyünüz siyasətin məntiqi nəticəsidir ki, bu gün işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur cənnətə çevrilir, bu ərazilər eyni zamanda yaşıl enerji zonaları elan olunub.
Beynəlxalq ictimaiyyətin yekdilliklə COP29-a evsahibliyini bu dəfə məhz Azərbaycana həvalə etməsi Sizin dünyanı həmrəyliyə dəvət edən yaşıl enerji siyasətinizə olan böyük hörmət və rəğbəti aydın ifadə edir.
Azərbaycanın COP29 ölkəsi kimi iqlim dəyişmələri səbəbindən su altında qalmaq təhlükəsi ilə üzləşmiş kiçik ada dövlətlərinə qlobal dəstəyin təmin olunması üçün fəal iş aparması ölkəmizə xüsusilə İEOÖ-in diqqətini daha da artırıb.
Son bir neçə ay ərzində COP29-la əlaqədar ümumilikdə 71 ölkədən 367 QHT və ictimai fəalın müxtəlif birgə bəyanatlar verərək Azərbaycanın qlobal iqlim dəyişmələri ilə mübarizəsinə güclü dəstək ifadə etməsi, bu ölkələrdən 62-sinin məhz İEOÖ-lər olması bunun aydın ifadəsidir.
OPEC+ platformasının üzvü olan Azərbaycan dünyaya nümunə göstərir ki, məhz neft və qazı zəngin olan ölkələr iqlim dəyişmələri məsələlərinin həllində təşəbbüskarlığı ələ almalıdır.
Sizin rəhbərliyinizlə yaşıl keçid üzrə artıq nəhəng layihələrə başlanıb. Azərbaycanın yaxın 6 ildə günəş və külək enerjisi 5000 meqavat (5 qiqavat) təşkil edəcək. 4 qiqavat həcmində yaşıl enerjini Avropaya ixrac etmək imkanı yaranacaq. Dənizdə külək enerjisinin təsdiqlənmiş ehtiyatları 157 qiqavatdır. Bu, Azərbaycanın yaşıl enerji potensialını aydın nümayiş etdirir.
Qlobal istiləşmə şəraitində Azərbaycan dünyaya müdrik mesaj verir ki, qlobal iqlim dəyişmələrinin səbəb ola biləcəyi fəlakətin qarşısı yalnız qlobal həmrəyliklə alına bilər.
Biz – Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri Sizin yanınızdayıq, Sizinlə bir yerdəyik, Sizinlə fəxr edirik!
QHT-lərə Dövlət Dəstəyi Agentliyi və Azərbaycan Milli QHT Forumunun birgə təşkilatçılığı ilə Zəngilanda keçirilmiş forumda ekoloji məsələlərin müzakirəsi üstünlük təşkil etdi, 3 paneldən 2-si bu mövzuda idi. Aparılmış müzakirələr əsasında biz belə bir ümumi qənaətə gəlirik ki, Sizin yaşıl düşüncəyə söykənən yeni enerji strategiyanız Azərbaycana qarşıdakı dövrdə daha böyük qələbələr bəxş edəcək!
Siz qalib xalqın qalib lideri kimi ölkəmizi yeni inkişaf mərhələsinə qaldırmısınız.
Biz Qarabağ və Şərqi Zəngəzurda nəhəng quruculuq və bərpa işlərinin şahidiyik.
Təəssüflər olsun ki, Ermənistan işğal dövründə Azərbaycan torpaqlarını
1.5 milyondan çox mina və partlamamış hərbi sursat ilə çirkləndirib. İndi ərazinin minadan təmizlənməsi, ətraf mühitin qorunması üçün böyük işlər aparırsınız.
Biz qəti əminik ki, gün gələcək Siz Qarabağ və Şərqi Zəngəzuru minadan azad bölgə elan edəcəksiniz!
Biz – “Yaşıl Dünya Naminə Azərbaycan QHT-lərinin Həmrəylik Müraciəti”ni qəbul etməklə, apardığınız siyasətə tam dəstəyimizi ifadə edir, yorulmaz fəaliyyətinizdə Sizə uğurlar arzulayırıq!”.
Konsert proqramı
“Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu” bədii hissə – konsert proqramı ilə başa çatıb. Yekunda Zəngəzur yallısı ifa olunub.
Zəngilan məscidi ilə tanışlıq
2 gündür Zəngilanda davam edən “Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu” başa çatıb. Forum bitdikdən sonra QHT nümayəndələri Zəngilan məscidi ilə tanış olub, dualar ediblər.
Daha sonra heyət Bakıya yola düşüb.