Heydər Əliyevin 33 il öncə verdiyi müsahibə

12 dekabr Azərbaycanın eks-prezidenti, ümummilli lider Heydər Əliyevin anım günüdür. Hər il olduğu kimi bu il də dahi siyasətçinin anım günündə onunla bağlı xatirələr canlanır, bu gün də aktual olan çıxışları, tezisləri yada salınır. Milli QHT Forumunun prezidenti Rauf Zeyni Heydər Əliyevlə düz 33 il əvvəl-1990-cı ilin dekabrında Naxçıvanda görüşüb və onunla apardığı, indiyədək dərc olunmayan müsahibənin orijinalını virtualaz.org saytına təqdim edib. Daha sonra R. Zeyni musavat.com -a müraciət edərək, bu müsahibənin bizdə də yayılmasını xahiş edib.

 

Rauf Zeyni virtualaz.org-a açıqlamasında deyib ki, o, həmin vaxt Sumqayıtda xalq hərəkatının liderlərindən biri idi və şəhər sovetinin deputatı seçilmişdi. Naxçıvana getməkdə məqsədi isə təkcə Heydər Əliyevdən müsahibə götürmək yox, bu böyük şəxsiyyətlə Azərbaycanın gələcəyi, müstəqilliyin əldə olunması perspektivləri barədə fikir mübadiləsi aparmaq idi.

“SSRİ-ni idarə edənlərdən biri olmuş bu dahi azərbaycanlı vətənə qayıtmışdı və xalq hərəkatının gənc fəallarından biri olaraq onunla xalqın, millətin gələcəyinə dair fikir mübadiləsi aparmaq mənim üçün çox əvəzsiz təcrübə olacaqdı. Ancaq bir çoxları mənə deyirdilər ki, Əjdər Xanbabayevi Heydər Əliyevə görə öldürdülər, sən qorxmursan onunla görüşə gedirsən? Cavab verirdim ki, əgər xalqın nümayəndəsi bu xalqın dahi şəxsiyyətinin yolunda ölməyə hazır deyilsə onda o xalqın azadlığı da mümkün olmaz. Beləliklə, mən Naxçıvana getməyə qərar verdim”-Rauf Zeyni deyir.

Həmsöhbətimiz bildirir ki, Heydər Əliyevlə 1990-cı il dekabrın 1-də, saat 10.50-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin binası qarşısında görüşüb. O, həmin görüşü belə xatırlayır: “Bildirdim ki, məqsəd həm onunla görüşmək, həm də imkan daxilində müsahibə almaqdır. “Gəlirlər, müsahibə alırlar, amma dərc edə bilmirlər”-Heydər Əliyev belə cavab verdi. Dedim onlar Bakıdan gəliblər, mən isə Sumqayıtdan gəlmişəm, xalq arasında Sizin haqqınızda müxtəlif uydurmalar, söz-söhbətlər dolaşmaqdadır, bunlara aydınlıq gətirmək məqsədilə belə müsahibələrə ehtiyac var. Heydər Əliyev gülümsədi və dedi: “Əgər siz təkid edirsinizsə, onda axşam saat yeddidə gözləyirəm”. Mən minnətdarlığımı bildirdim və axşam saat 19.00-da Naxçıvan şəhəri, Puşkin küçəsi 2-də, o zaman Heydər Əliyevin yaşadığı məlum ünvanda şəxsən mənim üçün çox böyük əhəmiyyəti olan həmin tarixi görüş baş tutdu. Heydər Əliyevlə söhbətimiz 3 saata yaxın çəkdi. Əvvəlcə Sumqayıtdakı vəziyyətdən, ölkədə gedən siyasi proseslərdən danışdıq, suallar verdi. Sonra qərara aldım ki, bu tarixi fürsəti əldən verməyim, söhbəti müsahibəyə çevirim. O vaxt diktafon da yox idi, Naxçıvanda bir nəfərdən diktafonu kirayə götürmüşdüm. Diktafonu qoşdum. Heydər Əliyev də öz diktafonunu qoşdu. Söhbətə başladıq. Təxminən 90 dəqiqəlik söhbət alındı…”

Rauf Zeyni xatırlayır ki, müsahibəni o dövrün qəzetlərindən heç biri dərc etmək istəməyib. Müsahibənin siyasətdən bəhs etməyən cüzi hissəsini “168 saat” adlı qəzet dərc etməyə razılıq verib, amma bir həftə sonra həmin qəzet bağlanıb.

Beləliklə, Rauf Zeyninin Heydər Əliyevlə 27 il əvvəlki, heç yerdə dərc olunmayan söhbəti:

-Heydər bəy, Sizi Azərbaycana gəlməyiniz və millət vəkili seçilməyiniz münasibəti ilə təbrik edirəm.

-Çox sağ olun, minnətdaram.

– Elə birinci sualı respublikada keçirilən antidemokratik seçkilər və onların bugünki nəticələri haqqında vermək istəyirəm. Seçkinin nəticələri Sizi qane edirmi?

– Seçkilər haqqında bizim bir o qədər də məlumatımız yoxdur, indi qəzetlərdə belə şeylər yazılmır. Ona görə də vəziyyəti dəqiq bilmirik. Ancaq ordan – burdan, bura gəlib çatan məlumatlardan belə aydın olur ki, bu seçkilər demokratik şəraitdə keçirilməyib və seçkilərdə indi hamının marağında olan demokratiya prinsipləri təmin olunmayıb. Bu baxımdan mən Naxçıvan Muxtar Respublikasında keçirilən seçkiləri Azərbaycanın bütün başqa regionlarına nisbətən nümunə göstərə bilərəm. İndi burada-Naxçıvanda bütün təbəqələrdən Ali Məclisə nümayəndələr seçilib, onlardan 94-ü AXC-nin üzvləridir.

Bundan əlavə, bir çox deputatlar demokratik bloka qoşulublar və bu 10 gün müddətində sessiyanın gedişatı onu göstərdi ki, deputatların cürbəcür siyasi qüvvələrə mənsub olması sessiyanın demokratik şəraitdə səmərəli keçirilməsini təmin edən əsas amillərdən biridir. Bir sözlə, mən Naxçıvanda keçirilən seçkilərdən ümumiyyətlə razıyam və proseslərin demokratikləşmə istiqamətində getməyinin nəticələrini artıq görürəm. Ancaq Azərbaycan haqqında ümumi fikir söyləmək mənim üçün çətindir. Aldığım məlumatlara görə bir çox yerlərdə, təəssüf ki, seçkilər demokratik olmayıb.

-Respublikanın yeni parlamentindən nə gözləyirsiniz? Bu parlament xalqı indiki böhran vəziyyətindən çıxarmağa qadirdimi?

-Həmişə arzu ilə yaşamaq lazımdır. Mən həmişə nikbin olmuşam və nikbin də olmaq istəyirəm. Mən çox arzu edirəm ki, yeni parlament respublikanı bu böhran vəziyyətindən çıxarsın. Bunun üçün çox ciddi addımlar atmaq lazımdır. İndiyə qədər aparılan işləri mən qənaətbəxş hesab etmirəm. Arzu edirəm ki, nəhayət, sessiyada toplanacaq deputatlar xalq qarşısında öz məsuliyyətlərini dərindən hiss etsinlər və respublikanın böhran vəziyyətindən çıxması üçün hərə öz sahəsində bacardığı qədər mübarizə aparsın. Mən özüm bu mübarizəni aparacağam.

-Azərbaycan xalqının əsl faciəsinə çevrilmiş Dağlıq Qarabağ problemini kimlər yaratdı və bu dəhşətli problemdən yaxa qurtarmaq mümkündürmü?

– Dağlıq Qarabağ probleminin tarixi ola bilər ki, böyükdür, kökləri dərindir. Ancaq onun yaranması təxminən 3 il bundan qabaq baş verib. Hesab edirəm ki, bu faciənin yaranmasının günahkarları birinci növbədə Ermənistanda, İrəvanda yaşayan erməni millətçiləridir, onların Ermənistandan kənarda olan havadarlarıdır. O cümlədən bu faciənin yaranmasının günahkarları Azərbaycanda son 3 ildə hakimiyyətə rəhbərlik edənlərin hamısıdır. Məhz hamısı. Heç birinə bəraət qazandırmaq olmaz və şübhəsiz ki, ümumittifaq siyasi rəhbərliyinin də burada çox böyük günahı vardır.

Mən dəfələrlə demişəm və sizin sualınıza cavab verərək qeyd etmək istəyirəm ki, Qarabağ məsələsinin qarşısını vaxtında, hələ ilk dövrdə bu məsələ meydana atılan zaman almaq mümkün idi. Xüsusilə çətin, mürəkkəb bir vəziyyətə gətirib çatdırmadan…

Bunun üçün, şübhəsiz ki, gərək hər bir tərəfdən hərəkət olaydı, istək olaydı. Ancaq gərək Azərbaycan Respublikasının rəhbərləri azərbaycan xalqı haqqında, Azərbaycanın ərazi bütövlüyü haqqında, Azərbaycan ərazilərinin toxunulmazlığı haqqında düşünəydilər, onların əlində çox böyük imkanlar var idi. Onlar bu imkanlardan istifadə etməyiblər. Mən onların heç birisinə bəraət qazandıra bilmirəm.

– Erməni lobbisi Sizi Moskvada təqib elədiyi vaxtda, yəni Siz SSRİ Nazirlər Soveti sədrinin I müavini olanda respublika tərəfindən də kömək olmadığı halda özünüzü erməni lobbisinə qarşı hansı formada müdafiə edirdiniz?

– Birinci, erməni lobbisi mənim əleyhimə böyük təxribat işlərini uzun illər aparıb. Bu artıq indi hamıya məlumdur və erməni millətçiləri bunu gizlətmirlər, öz mətbuat orqanlarında açıq yazırlar ki, uzun illər onlar mənin əleyhimə ittifaq siyasi rəhbərliyi qarsısında cürbəcür təxribat işləri aparıblar, məni ləkələmək, aradan götürmək fikrində olublar. Bu, mən hələ Azərbaycanda işləyən vaxtlarda da olub. Yəqin ki, mən onların planlarının həyata keçirilməsi üçün ən təhlükəli bir şəxs imişəm.

Ancaq mən Moskvaya gedəndən sonra onların fəaliyyəti daha da güclənib, onlar daha da geniş imkanlarından istifadə edərək mənim əleyhimə işlər aparıblar. Təəssüf ki, Azərbaycanın rəhbərləri mənə bu barədə kömək etməyib. Hamısını deyə bilmərəm, bəziləri hətta onlara kömək də ediblər. Bu erməni lobbisi bütövlükdə hamısı və Azərbaycanda millətinə, xalqına, vətəninə nankor baxan, xain çıxan, mən onları ancaq belə adlandıra bilərəm, bir qrup adamlar fürsətdən istifadə edib erməni lobbisi ilə birləşib mənim əleyhimə cürbəcür işlər aparıblar.

Mənə məlumdur ki, Azərbaycanda yaşayan bəzi adamlar – vaxtilə mən Azərbaycanda rəhbər olduğum dövrdə ədalətli cəza almış adamlar Moskvada yaşayan bir çox ermənilərlə əlbir olub mənim əleyhimə cürbəcür anonim məktublar hazırlayırdılar. Bu, konkret faktlardır ve mənə məlumdur. Belə şəraitdə mən ancaq özüm özümü müdafiə edə bilərdim və bunu etdim. Bu da mənim özümə tam inamımdan, özümə arxayınlığımdan, özümü pak hiss etməyimdən irəli gəlirdi. Mübarizə meydanından geri çəkilmədim.

– Sumqayıtda 1988- cil ildə erməni millətçiləri tərəfindən törədilmiş faciəyə münasibətiniz?

– Mən hesab edirəm ki, bu müəyyən qüvvələr tərəfindən təşkil edilən, erməni millətçiləri və ola bilər ki, onların Azərbaycanda olan bəzi köməkçiləri vasitəsilə törədilmiş faciədir.

Mən nə deyə bilərəm ki… Bu, bədbəxt hadisədir və faciə sözünü unutmalıyıq. Çox təəssüf edirəm ki, Azərbaycana rəhbərlik edən adamlar, rəhbər işçilər vəziyyəti vaxtında özləri üçün araşdıra bilməyiblər və hadisələrin qarşısını ala bilməyiblər. Məndə olan məlumatlara görə Sumqayıt hadisələrinin qarşısını elə həmin gün almaq olardı, əgər Sumqayıtda nüfuzlu, hörmətli Azərbaycan rəhbərləri olsaydı və onlar lazımi tədbir görsəydi.

-Qorbaçov bu günlərdə mədəniyyət və ədəbiyyat xadimləri ilə görüşündə belə bir söz dedi: “ya upornıy sosialist”…Sizcə, sözüylə əməli uzlaşırmı və onun indiki siyasi xətti ölkəni haraya aparır?

-Mən Qorbaçovu çox yaxından tanıyıram və onunla bir yerdə işləmişəm. Siyasi fəaliyyətinə bələdəm, ölkə rəhbəri olandan sonra da onun fəaliyyətini çox yaxından izləyirəm. Qorbaçovun sözü ilə əməli heç vaxt uzlaşmayıb. Heç vaxt dediyi sözü həyata keçirməyib və yaxud dediyi sözlə atdığı addımlar tamamilə bir-birinə zidd olub. Ona görə də bu sözlər məni o qədər təəccübləndirmir, ancaq eyni zamanda bir daha və bir daha narahat edir. Çünki bu qədər xalqı aldatmaq, yalan demək olmaz. Bir tərəfdən özü sosialist quruluşunu, Sovetler İttifaqını dağıdır, o biri tərəfdən isə deyir ki, “ya uporniy sosialist”. Bir tərəfdən şəxsi mülkiyyətçiliyin həyata keçməsinə şərait yaradır, ikinci tərəfdən həmin toplantıda deyir ki, “ya uporniy sosialist”. Bunlar mənim üçün təəccüblü deyil, ancaq eyni zamanda Qorbaçovun nə qədər ikiüzlü siyasət aparmasını bir daha sübut edir və onun iç üzünü açır.

– Bir ağsaqqal kimi bu gün AXC-nin öncülləri haqqında fikriniz nədir və onlara nə tövsiyə edərdiniz?

– AXC haqqında mənə hər yerdə sual verirlər. Mən hələ Moskvada olanda da, Azərbaycana, Naxçıvana gələndən sonra da bütün görüşlərimdə, mitinqlərdə və başqa yığıncaqlarda bu haqda suallar veriblər. Mən həmişə demişəm və indi də öz fikrimdə də qalıram ki, AXC yeni yaranmış demokratik, siyasi bir qüvvədir, mən bunun gələcəyini görürəm, siyasi gələcəyini görürəm. Mən belə hesab edirəm ki, hər bir xalqını sevən adam gərək bu hərəkatın inkişaf etməsinə kömək etsin və ona şərait yaratsın.

 

Burada-Naxçıvanda Xalq Cəbhəsinin bir çox üzvləri ilə tanış olandan sonra və xüsusən NMR-nın Ali Məclisinin bütün yığıncaqlarında şahidi olmuşam ki, Xalq Cəbhəsində azərbaycan xalqına çox sədaqətli, dəyərli, ağıllı, bacarıqlı, xalqın aqibəti haqqında düşünən adamlar var və onlara kömək etmək lazımdır. O ki qaldı öncüllərə, mən bilmirəm indi Xalq Cəbhəsinin öncülləri kimdir. Əgər öncüllərinə mənim tövsiyəmi bildirmək istəsəniz mən çox arzu edərdim ki, onlar hamısı ayıq olsunlar, heç bir şeydən qorxmasınlar, çəkinməsinlər. Öz əqidələrini heç nəyə satmasınlar, təmiz olsunlar, pak olsunlar, xalqın qarşısında vicdan təmizliyini həmişə qorusunlar və ən nəhayət bir olsunlar. Çünki Xalq Cəbhəsinin sıralarında milli birlik, mənə belə gəlir ki, bu təşkilatın gələcəyini təmin edən əsas məsələdir.

– İslam dininə və dünyada olan islamçılığa münasibətiniz?

– Mənim ümumiyyətlə, bütün dinlərə münasibətim müsbətdir. Bir müddət əvvəl buraya Gürcüstandan gürcü jurnalistləri gəlmişdilər. Onlar da mənə bu sualı verdilər. Mən ola bilər ki, onlara verdiyim cavabı təkrar edəcəyəm. Onlara dedim və indi də sizin sualınıza cavab olaraq bildirirəm ki, hər bir din gərək inkişaf etsin. Ancaq bu ölkədə (SSRİ) təəsüf ki, bir dini o biri dindən üstün tuturlar. Bizim ölkədə indi din azadlığı yaranıb. Lakin ölkədə təkcə xristian dini təbliğ olunur. Əgər bizim ölkə bir çox dinə mənsub olan xalqlardan ibarətdirsə, onda nə üçün Moskva televiziyası hər gün cürbəcür xarakterli verilişlərdə ancaq xristian dinini təbliğ edir?

Və mən öz müşahidələrimdən belə hiss etmişəm ki, təəssüf ki, xristian dinini üstünhesab edən bir çox rəhbər şəxslər Moskvada müsəlman dininə çox mənfi münasibət bəsləyirlər. Onlar nədənsə islam dinindən qorxurlar, islam dininin inkişafını özləri üçün təhlükə hesab edirlər. Mən həmişə öz-özümə bu sualı vermişəm ki, onlar nəyə görə islam dininə belə münasibət bəsləyir? Onların da bəzilərindən soruşmuşam ki, siz öz xalqınızın mənsub olduğu dindən niyə bu cür qorxmursunuz? Ancaq islam dini sizin üçün belə bir təhlükə yaradır? Mənə belə gəlir ki, bu məsələ aydınlaşdırılmalıdır.

-Respublika mətbuatının, çox təəssüflər olsun ki, Sizin gəlişinizi və fəaliyyətinizi işıqlandırmaması bizi də kədərləndirir. Bunun səbəbləri və kökləri haqqında nə deyə bilərsiniz?

– Bunun səbəbləri mənim üçün aydındır, yəqin ki, respublikada mətbuat rəhbərləri və onlara rəhbərlik edən orqanlar, yaxud məsul şəxslər hələ də mənə qarşı erməni lobbisinin tərəfdarlarıyla birlikdə belə bir mənfi mövqe tuturlar, bunu başqa cür izah edə bilmərəm. Bu ədalətsizlikdir, mən azərbaycanlıyam, azərbaycan xalqının bugünki çətin dövründə öz xalqıma qulluq etmək üçün bura gəlmişəm. Əgər burada xalqın xeyrinə az da olsa fəaliyyət göstərə bilirəmsə, mənə belə gəlir ki, bunun qarşısını almaq, bunu xalqdan gizlətmək heç də xalq üçün xeyirli iş deyil, bu ancaq şəxsi qərəzlikdir. Bunu başqa heç nə ilə izah edə bilmərəm.

– Bəzi tanınmış “ziyalılar”ın indiki prosesdə tutduqları gözləmə mövqeyinə Sizin münasibətiniz?

– Mən onların mövqeyini pisləyirəm və ümumiyyətlə, mənim tanıdığım bir çox ziyalıların və ümid bəslədiyim Azərbaycan ziyalılarının indiki gözləmə mövqeyi, yaxud tam bitərəf mövqeyi məni çox narahat edir. Ziyalılar gərək həmişə xalqın aqibətinin həll olunması dövrlərində öz sözlərini desinlər, səslərini qaldırsınlar, mövqelərini bildirsinlər. Əgər onlar indi susub kənara çəkiliblərsə, gözləmə mövqeyindədirlərsə, demək külək hansı tərəfə güclənərsə, o tərəfə keçəcəklər. O zaman yəqin ki, onlar xalq qarşısında ziyalı kimi öz nüfuzlarını itirəcəklər və bu da ədalətli olacaqdır.

-Respublika səviyyəsində, ittifaq səviyyəsində, dünya səviyyəsində olan bir şəxsiyyət kimi, bir siyasi xadim kimi respublikanın iqtisadiyyatı haqqında nə deyə bilərsiniz? Azərbaycan Respublikası özü özünü dolandıra bilərmi?

– Birinci ona deyə bilərəm ki, Azərbaycanın iqtisadiyyatı indi çox bərbad vəziyyətdədir. Mən Azərbaycanın 20-ci illərdən indiyə qədər iqtisadiyyat tarixini yaxşı bilirəm və tam əsasla deyə bilərəm ki, heç bir dövrdə, hansı dövrü necə adlandırırsınız adlandırın, Azərbaycan iqtisadiyyatı bu qədər bərbad, bu qədər aşağı səviyyədə və bu qədər təhlükəli səviyyədə olmamışdı. Son beş ildə iqtisadiyyat bir faiz olsun inkişaf etməyib. Əksinə geriləyib. İqtisadiyyatın bütün sahələri- sənaye, kənd təsərrüfatı, inşaat, tikinti, sosial problemlərin həll olunması geriləyib.

Bu da şübhəsiz ki, respublikanın iqtisadi böhran vəziyyətinə gətirib çıxarıb. Belə vəziyyətdə yaşamaq olmaz. Xalq belə şəraitə dözə bilməz. Ona görə respublikanın iqtisadiyyatını bu böhran vəziyyətindən çıxarmaq lazımdır. Bu, sualın birinci hissəsinə cavab. İkinci hissəsinə cavab ondan ibarətdir ki, Azərbaycanın iqtisadi və sosial potensialı böyükdür. Təəssüf ki, son 5-6 ildə bu potensial səmərəli istifadə olunmur. Əgər bu potensial səmərəli istifadə olunarsa Azərbaycan iqtisadi baxımdan həqiqətən tam müstəqil ola bilər və ölkə iqtisadi suverenliyini təmin edə bilər.

– Heydər bəy, məlumdur ki, Siz Azərbaycana gələndə ilk dəfə məhz Şəhidlər Xiyabanını ziyarət etmisiniz. Belə bir sual verim ki, Şəhidlər Xiyabanını ziyarət edərkən hansı hissləri keçirdiniz?

– Bəli, Şəhidlər Xiyabanına getmişdim, ona görə ki, orada yatan bizim azərbaycanlı qardaşlarımızın xatirəsi qarşısında, onların qəhrəmanlıqları qarşısında öz vətəndaşlıq borcumu verim. Və mən onların hər birinin xatirəsi qarşısında baş əyirəm. Çünki onlar xalqın azadlığı və ədalət uğrunda mübarizə apararaq həlak olublar. Mən orada çox böyük kədər hissi keçirirdim. Təkcə orada yox, ümumiyyətlə, yanvarın 20-dən azərbaycan xalqının başına gəlmiş bu faciə məni daim kədərləndirib. Buna görə də NMR-nın Ali Məclisinin iclasında biz Bakıda 20 Yanvar hadisələrinə münasibət məsələlərini müzakirə edərkən mən öz fikirlərimi demişəm, hiddətimi bildirmişəm və açıq-aşkar bu faciəni azərbaycan xalqının tarixində ən qara səhifə kimi qiymətləndirmişəm. Azərbaycan xalqının başına gəlmiş bu bəlanın günahkarlarının aşkara çıxmasını tələb etmişəm və bu hadisələrə siyasi qiymət verilməsini tələb etmişəm. Mən bu fikirlərlə, yaşadığım bu duyğularla duyğularla Şəhidlər Xiyabanını ziyarət etməyə getmişəm.

– İcazə versəydiniz, bir sentimental sual verərdim, bu şəxsən özümü maraqlandırır. Mənə elə gəlir ki, bizim bütün tanınmış şəxslərimizə öz həyat yoldaşları tərəfindən böyük dayaq olduğu kimi, bizim hamımızın hörmətlə yad etdiyimiz Zərifə xanım da Sizə həmişə bir dayaq olub. Mən çox üzr istəyirəm, sentimental hissləri yada salıram. Şəxsən mənə onun hardasa yad yerdə, Moskvada dəfn olunması böyük təsir edir. Bu gün istərdim ki, o, Azərbaycanda dəfn olunsun. Yəni o vaxt bu mümkün idimi, ağır da olsa Zərifə xanımla keçirdiyiniz günlər haqqında, onun əzablı siyasət meydanında sizə necə dayaq olması haqqında bir neçə kəlmə.

– Bilirsiniz, bu doğrudan da çox sentimental sualdır. Həmişə Zərifə xanım yada düşəndə, onun haqqında söhbət olanda kövrəlir, dayana bilmirəm. Bir şeyi deyə bilərəm ki, həyatımın (Heydər bəy bərk kövrəldi və onun gözləri doldu, bir az duruxdu, sonra sözünə davam elədi) ən xoş cəhəti ondan ibarətdir ki, belə bir həyat yoldaşım olub. Çox ağıllı, mədəni, vətənpərvər insan idi. Böyük alim idi. Hərtərəfli inkişaf etmiş bir şəxs idi, eyni zamanda mənin üçün sədaqətli həyat yoldaşı idi. Sədaqətli sözünü deyəndə mən buna çox geniş məna verirəm və həmişə onu əsas götürürəm ki, ümumiyyətlə mənim həyat yolum çətin olub. Böyük çətinliklərlə rastlaşmışam və bütün bu çətinliklərdə ən böyük dayağım Zərifə xanım idi. Ona görə də onun həyatdan getməsi, şübhəsiz ki, mənə böyük zərbə oldu. Olduqca böyük zərbə oldu…

 

Zərifə xanımın xatirəsi mənin üçün həmişə əzizdir. Mənə belə gəlir ki, belə şəxsiyyətlər, ümumiyətlə, unudulmazdır. O vəfat edəndən sonra mən çox kədərli idim. Bizim şair Bəxtiyar Vahabzadə onun həyatdan getməsi münasibəti ilə şeir yazıb göndərmişdi, onu tez- tez xatırlayıram. O təxminən belə yazmışdı ki, kədərlənməyə əsas var, ancaq eyni zamanda sevinmək də lazımdır ki, belə adam var.

– Və icazənizlə sonuncu sual. Çox siyasi xadimlər proqnoz verməyi xoşlayırlar, bu məşğuliyyətlə qidalanırlar, uzaq proqnozları deməyi xoşlayırlar. Lakin yaxın proqnozu heç kəs demək istəmir. Heydər bəy, yaxın müddətdə xalq hərəkatını və respublikamızı nə gözləyə bilər?

-Bilirsiniz, mən proqnoz vermək istəmirəm. Mənə belə gəlir ki, xalq hərəkatını da, respublikamızı da hələ ki, olduqca çətin və ağır günlər gözləyir. Çünki, təəssüf ki, xalq hərəkatı ilə respublikanın başqa siyasi qüvvələri yekdil deyillər. Bunların arasında müəyyən saziş yaranmayıb. Xalq hərəkatını boğmaq cəhdində olan qüvvələr çoxdur. Bir ilə yaxındır ki, respublikanın paytaxtında fövqəladə vəziyyət hökm sürür, hansı ki, fövqəladə vəziyyətin saxlanılmasına heç bir əsas yoxdur. Bu fövqəladə vəziyyət kimin əleyhinə, hansı qüvvələrin əleyhinə yönəlib? Deməli, xalqın əleyhinə yönəlib…

Respublikada baş verən hadisələrdən belə nəticəyə gəlmək olar ki, sabah , yaxud o biri gün üçün yaxşı heç nə gözləyə bilmərik. Lakin elə söhbətimizin əvvəlində qeyd etdim ki, mən nikbin əhval- ruhiyyəli adamam. Belə güman edirəm ki, xalqımız qəhrəman xalqdır, cəsarətli xalqdır. Hər halda bu çətin vəziyyətdən də yəqin çıxa biləcək və mən şübhəsiz ki, xalqımızın gözəl gələcəyini görürəm.

– Çox sağ olun, Heydər bəy, məni qəbul etdiyinizə və müsahibə verdiyinizə görə Sizə minnətdarlığımı bildirirəm.

Ulu Öndər Heydər Əliyev ili və Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində 33 il öncə Azərbaycan Milli QHT Forumunun prezidenti Rauf Zeyninin Ulu Öndər Heydər Əliyevdən aldığı müsahibəni yenidən diqqətinizə çatdırırıq.

Paylaşın: