“Xocalı soyqırımının iyirmi səkkizinci ildönümü” ilə əlaqədar elmi-praktiki konfrans keçirilib
25 fevral 2020-ci il tarixdə Azərbaycan Respublikasının Hərbi Prokurorluğu və Azərbaycan Milli QHT Forumunun “Xocalı soyqırımının iyirmi səkkizinci ildönümü” ilə əlaqədar elmi-praktiki konfransı keçirilmişdir.
Azərbaycan Respublikası Hərbi Prokurorluğunun inzibati binasında yerləşməklə onun nəzdində fəaliyyət göstərən Memorial Soyqırım Muzeyində baş tutan tədbirdə Hərbi Prokurorluğun, Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun, Xocalı rayon İcra Hakimiyyətinin əməkdaşları, Azərbaycan Vətən Müharibəsi Veteranları ictimai birliyinin, Əsgər Anaları Şurasının, Modern İnkişaf və Ailə ictimai birliyinin, Xocalı tanıtım ictimai birliyinin üzvləri, Xocalı sakinləri, habelə ictimaiyyət və mətbuat nümayəndələri iştirak etmişlər.
Əvvəlcə Xocalı soyqırımı qurbanlarının əziz və unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Ardınca konfrans iştirakçıları Memorial Soyqırım Muzeyini ziyarət etmiş, onlara muzey və orada saxlanılan, tarixi həqiqətləri, o cümlədən Xocalı soyqırımı haqqında reallığı özündə əks etdirən eksponatlar barədə ətraflı məlumat verilmiş, həmçinin Xocalı soyqırımı qurbanlarının barələrində məlumatların əks olunduğu slayd nümayiş etdirilmişdir.
Bundan sonra, konfransı açıq elan edən Azərbaycan Respublikası Baş prokurorunun müavini-Azərbaycan Respublikasının Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev, konfrans iştirakçılarının diqqətini Xocalı soyqırımına yönəltməklə, o müdhiş gecədə Ermənistan silahlı qüvvələrinin keçmiş SSRİ-nin komandir heyətində erməni millətindən olan şəxslərin də təmsil olunduğu 366-cı motoatıcı alayının köməkliyi ilə Xocalı şəhərinə hücumundan, bütün beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüquq normalarını pozaraq oraya zirehli texnika yeridilməsindən, şəhərin dinc əhalisinə qarşı misli görünməmiş qəddarlıqla divan tutulmasından, Ermənistan silahlı qüvvələrinin mühasirəsində qalmış şəhər sakinlərindən 106-sı qadın, 63-ü uşaq və 70-i qoca olmaqla 613 nəfərin xüsusi amansızlıqla öldürülməsindən, 487 nəfər dinc sakinin ağır yaralanmasından, 1275 nəfərin girov götürülməsindən, hadisələrin necə cərəyan etməsindən ətraflı danışaraq, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin həyata keçirdiyi mükəmməl siyasətin, eləcə də uğurlu xarici siyasətin sayəsində artıq dünya ictimaiyyətinin əksər hissəsinin Xocalı soyqırımı barədə səhih və dolğun məlumatlara malik olduğunu bildirdi.
Konfransda Azərbaycan Milli QHT Forumunun vitse-prezidenti, Beynəlxalq Dialoq və İnkişaf Alyansının sədri Nüşabə Məmmədova ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Xocalı soyqırımına ilk dəfə siyasi və hüquqi qiymət verildiyini, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hər zaman Dağlıq Qarabağ münaqişəsinin yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmasının, zəbt olunmuş Azərbaycan torpaqlarından işğalçı qüvvələrin çıxarılması istiqamətində aparılan uğurlu diplomatik siyasərindən bəhs etdi. Xocalı soyqırımının tanıdılması istiqmaətində Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən bu istiqamətdə gördüyü tarixi əhəmiyyətli işlər, Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən və geniş vüsət almış “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası Xocalı soyqırımı haqqında həqiqətlərin dünyada təbliğ olunmasında, bu faciənin Azərbaycan xalqına qarşı soyqırımı aktı kimi tanınmasında mühüm rol oynayır, bunun nəticəsi olaraq dünyanın 16 ölkəsində, ABŞ-ın 22 ştatında rəsmi qəbul edilmişdir.
Konfransda Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, Azərbaycan Vətən Müharibəsi Veteranları ictimai birliyinin sədri Füzuli Rzaquliyev və Xocalı sakini Təhmasib Kərimov bəşəriyyətin ən böyük faciələrindən biri olan Xocalı soyqırımı barədə geniş çıxışlar etdilər. Tədbirdə Əsgər Anaları Şurasının sədri Leyla Gərayzadə, Modern İnkişaf və Ailə ictimai birliyinin sədri Zərifə Quliyeva, MQF Turizm Mərkəzinin direktoru Ruslan Quliyev iştirak etmişlər.
Daha sonra Azərbaycan Respublikası Hərbi Prokurorluğunun təşəbbüsü ilə hazırlanmış soyqırım haqqında “Əsrin faciəsi” rəqəmsal video diski nümayiş etdirildi.