Azərbaycan Milli QHT Forumu və Bakı Avrasiya Universitetinin birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.
İlk olaraq tədbiri Bakı Avrasiya Universitetinin prorektoru, dosent Səyavuş Qasımov çıxış edərək açıq elan edib. Daha sonra şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Səyavuş Qasımov çıxışında 20 Yanvar faciəsi barədə məlumat verərək 20 Yanvar faciəsini Azərbaycan xalqının mübarizliyini sındırmaq cəhdi kimi qiymətləndirərək, dinc insanların vəhşicəsinə qətlə yetirilməsinin insanlığa qarşı ağır cinayət olduğunu qeyd edib. Daha sonra çıxış etməsi üçün sözü MQF-nin prezidenti Rauf Zeyniyə verib. Rauf Zeyni 20 Yanvar hadisəsinin canlı şahidi kimi silahlı hərbiçilərin əliyalın, günahsız insanlara qarşı törətdikləri cinayətlərdən danışaraq, Azərbaycan xalqının qəhrəmanlığı və əzmkarlığından, Ulu öndər Heydər Əliyev tərəfindən 1990 -1994 -cü illərdə baş verən hadisələrə hüquqi -siyasi qiymət verilməsindən bəhs edib. Yazıçı, jurnalist, publisist, ilk dəfə şəhidlər haqqında yazılmış “Şəhidlər” kitabının müəllifi Rafiq Səməndər faciənin acınacaqlı vəziyyətinin şahidi olaraq həmin dövrdə şəhid olmuş hər bir insanın ailəsi ilə görüşərək əldə etdiyi məlumatlarla ərsəyə gətirdiyi kitabı barədə danışıb. Daha sonra tarix üzrə fəlsəfə doktoru, MQF-nin vitse-prezidenti, Beynəlxalq Dialoq və İnkişaf Alyansı İctimai Birliyinin rəhbəri Nüşabə Məmmədova 20 Yanvar faciəsi zamanı törədilmiş vəhşiliklərdən danışıb, milli azadlıq yolunda şəhid olan qəhrəmanların xatirəsinin xalqımızın yaddaşında əbədi yaşayacağını diqqətə çatdırıb.